Tibbi arayışı olanlar quru sərhəddən keçə biləcəklər? – DETALLARbackend

Tibbi arayışı olanlar quru sərhəddən keçə biləcəklər? - DETALLAR

Azərbaycan vətəndaşlarının quru sərhəddən keçidi ilə bağlı tətbiq olunan məhdudiyyətlər, xüsusilə də xaricdə müalicəyə ehtiyacı olan şəxslər üçün ciddi problemlər yaratmaqda davam edir. Xarici klinikadan rəsmi dəvət və ya tibbi arayış təqdim edən şəxslərə quru sərhəddən keçid icazəsinin verilib-verilməməsi yenidən müzakirə mövzusuna çevrilib. Bəs, xarici klinikadan rəsmi dəvət və ya tibbi arayış təqdim edən şəxslərə quru sərhəddən keçid icazəsi verilə bilərmi?

Ağ Partiyasının sədri Tural Abbaslı KONKRET.az-a açıqlamasında bildirib ki, ümumilikdə sərhədlərin bağlı saxlanılmasının əleyhinədir və onların açılmasını vacib sayır.

Onun sözlərinə görə, quru sərhədlərin bağlı qalması ilk növbədə sərhədyanı rayonlara ciddi ziyan vurur:

“Şimaldan, cənubdan və qərbdən sərhədlərimizi götürsək, 20-25 rayonun dolanışığı birbaşa bu sərhədlərin açıq olmasından asılıdır. Kiçik biznes subyektləri fəaliyyətini dayandırıb, insanlar maddi itkilərlə üzləşib. Turizm sektoru da həm ölkəyə gələn, həm də xaricə gedənlər baxımından böyük zərər görür”.

Tural Abbaslı bildirib ki, quru sərhədlərin bağlı qalması xüsusilə müalicə məqsədilə xaricə getməli olan vətəndaşlar üçün ciddi problemlər yaradır. Onun sözlərinə görə, uzun illərdir çoxsaylı Azərbaycan vətəndaşı İran, Gürcüstan və Rusiyada həm qiymət, həm də keyfiyyət baxımından əlverişli tibbi xidmətlərdən yararlanıb:

“Əvvəllər Səhiyyə Nazirliyinə müraciət etməklə quru sərhəddən keçidə icazə verilirdi. Sonradan bu da dayandırıldı. Hazırda elə xəstələr var ki, səhhətləri təyyarə ilə uçmağa imkan vermir. Onlar müalicə üçün məcburən quru yoldan getməlidirlər. Amma heç bir güzəşt yoxdur”.

Partiya sədri diqqətə çatdırıb ki, hazırda xarici vətəndaşların quru yolla ölkədən çıxışına icazə verildiyi halda, Azərbaycan vətəndaşlarının nə çıxışına, nə də girişinə icazə var:

“Bu məsələnin təhlükəsizliklə əlaqəli olduğunu düşünmürəm. Əgər istisnalar tətbiq olunsa, yəni xəstələrə, uşaqlara, imkansız ailələrə, yaxını vəfat edən şəxslərə müəyyən güzəştlər edilsə, bu, daha məntiqli və humanist yanaşma olardı”.

Qeyd edək ki, rəsmi qurumlar hələlik xarici klinikadan dəvət və ya tibbi arayış təqdim edən şəxslər üçün quru sərhəddən keçidlə bağlı hər hansı yeni qərar açıqlamayıb.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*