Yaşlılara hörmət göstərilməyən cəmiyyət mükəmməl deyil. Müasir dövrümüzdə ahıl yaşına çatmış insanların pensiyadan məhrum olması, yaşa görə sosial müavinətlərə məhkum edilməsi vaxtilə müdrikliklə söylənilmiş “böyüksüz yerdə oturma” deyimi ilə tam ziddiyyət təşkil edir.
Yəqin bir çoxları xatırlayır: Prezident İlham Əliyev qəbuluna gələn gənc icra başçısına böyüyə hörmət etmək dərsini verdi. Dövlət başçımız özündən yaşlı həmkarını arxada qoyaraq, öndə oturmaq istəyən gənc icra başçısına böyüyə yol vermək qaydasını xatırlatdı…
Əslində böyük-kiçik yerinin bilinməsi, böyüyə hörmətin, kiçiyə sevginin sözdə və əməldə səmimi şəkildə nümayiş etdirilməsi təkcə ailəni deyil, həm də cəmiyyəti ucaldır.
Bu baxımdan Səlim Müslümovdan ağır miras qalmış pensiya “islahatları”na düzəlişlərin də tətbiq edilməsi böyük əhəmiyyət kəsb edir. Çünki indiki böyüklərimizin pensiya baxımından əskiklik duyması, pensiyadan məhrum edilib, müavinətə möhtac edilməsi çox üzücüdür.
Bu yaxınlarda millət vəkili Aydın Hüseynov yerli mediaya açıqlamasında bildirdi ki, cari ilin ortalarında pensiyaların və sosial müavinətlərin yenidən artırılacağı gözlənilir. Bunu büdcə gəlirlərinin artacağı ilə bağlı proqnozların özünü doğrultması ilə izah edən deputat xatırladıb ki, əvvəlki illərdə də pensiya və sosial müavinətlərin bir ildə iki dəfə artırılması ilə bağlı qərarlar verilib.
Bu onu göstərir ki, millət vəkilinin ilin əvvəlində yaşa görə sosial müavinətlərin artırılmamasından heç xəbəri yoxdur. Yaşa görə müavinətin məbləği 220 manat olaraq dəyişməz qalıb.
Fevral ayında bu mövzuya toxunarkən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin KONKRET.az-a şablon cavab verməsi izləyicilərimizi hiddətləndirmişdi. Çünki “ilin əvvəlində yaşa görə sosial müavinətlər niyə artırılmadı?” sualına cavab verə bilməyən nazirlik bunun əvəzində sosial müavinətin əvvəlki illərdə neçə dəfə artırıldığını sadalamaqla kifayətlənmişdi. İzləyiciləri maraqlandıran “yaşa görə müavinətlər nə vaxt artırılacaq?” sualı isə havadan asılı qalmışdı…
Bir anlığa təsəvvürə gətirək ki, tək yaşayan ahıl vətəndaşımıza övladları yardım etmir və ya heç övladı da yoxdur. Bəlkə bu yaşda övladlarına möhtac olmaq istəmir. Keçid dövründə adam işsiz qalıb və ya rəsmi iş yeri olmayıb. Pensiya yaşına çatmasına 1 il və ya 2 il qalmış “Müslümov islahatı” ilə yuxudan oyanıb. 25 ildən az staja malik olan qocanı işə götürən də yoxdur. Bu adam 220 manata necə yaşaya bilər?! Özü də adam zəhmət çəkib ali təhsil alıb, vəzifələrdə çalışıb. Amma həyatın çərxi dönüb və onun pensiyaya qədər işsiz qalması ilə nəticələnib.
Məsələn, indi Müsavat Partiyasının yenidən başqanlığa gətirmək istədiyi, vaxtilə ölkəmizin müstəqillyi uğrunda mübarizəsinə liderlik edənlərdən biri, Milli Məclisin spikeri, Azərbaycan prezidentinin səlahiyyətlərini müvəqqəti icra etmiş İsa Qəmbər pensiyadan məhrum olunanlardan biridir. Yəqin ki, onun və bənzər duruma düşənlərin ağlına gəlməzdi ki, müstəqil dövlətimizdə pensiyadan məhrum olunacaqlar. İsa Qəmbərə münasibətimiz müxtəlif ola bilər, onun fikri ilə razılaşmaya da bilərik. Amma onun kimi adamların çoxluq təşkil etməsi ilk növbədə cəmiyyətdə pərişanlıq yaradır. Hələ İsa Qəmbər o biri ahıllara baxanda daha yaxşı durumda olmalıdır. Heç olmasa, həyat yoldaşı çalışır və bir oğlu da Kanadada yaşayır. Hərçənd azərbaycanlı siyasətçinin Kanadada ermənipərəstlik edən oğluna maddi cəhətdən möhtac olmasından daha dəhşətli durum yoxdur.
Xatırladaq ki, Rusiyada pensiya yaşı artırılanda və şərtlər dəyişdiriləndə hökumət üzvləri yeni qaydaların pensiya yaşına 5 il qalmış vətəndaşlara tətbiq olunmayacağını bəyan etmişdi. Bunu onların iş tapmaq imkanının olmadığı ilə izah etmişdi.
Bizim Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi isə 25 il stajı olmayan, amma 2018-ci ilin iyun ayınadək sosial sığorta hesabında cüzi vəsait olan vətəndaşlara pensiyanın “hədiyyə” olunduğundan dəm vurur.
Ramazan ayının sonunda bir daha sual veririk: nəyə görə ali təhsili olan, müxtəlif işlərdə çalışan, pensiya yaşına 1-2 il qalanda “islahat”la qarşılaşan ahıllara belə hədiyyə edilmir? Axı bu şəxslər vaxtilə dövlətə müxtəlif vergilər ödəyiblər. İndi onların heç bir təhsili olmayan, adını belə yaza bilməyən, heç bir iş stajı olmayan adamlarla eyni məbləğdə müavinət alması nə dərəcədə ədalətlidir?! Kim bilməsə də, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi bilir ki, xarici ölkələrdə müavinət heç bir zaman işləməyən vətəndaşlara verilir.
Günün sualı isə budur: yaşa görə sosial müavinətlər nəyə görə artırılmır? Ayda 220 manata kim yaşaya bilər? Böyüyə hörmət məsələsinu birdəfəlik unudaqmı?!
KONKRET-in Analitik Qrupu
Cavan icra başçısına “dərs” keçən prezident bəs özü niyə ahılların hörmətini saxlayıb haqqlarını verməyir?..
18 il isləmisəm,əmək kitabcamda qed olunib.Özum Ali təhsil almısam axsam söbəsində AZİ-ni bitirmisəm.1994 ildən ailəmdə iki əlil usaq doğulub .Onların sağalması ücün cox həkimlərə həm Bizdə həm də xariçə borç-xərç alıb müayinə-müaliçə ilə məsğul olmusam.1995 dən isləməmisəm.Bu vaxta kimi 18 il staç olmağına bsxmayaraq mənə pensiya vermədilər.Müavinət 220 alıram.Cox narazıyam.10 ğünlük ərzağa catmır bu pil.