Yeni SSENARİ: Rusiya parçalanacaq, əvəzində isə…backend

Yeni SSENARİ: Rusiya parçalanacaq, əvəzində isə...

“Böyük imperiyalar tarix boyu zəifləyərək müxtəlif dövrlərdə parçalanıblar. Bu, tarixin fərqli mərhələlərində təkrarlanan bir prosesdir. Lakin məsələni konkret Rusiyaya tətbiq etdikdə, nə qədər müzakirə olunsa da, hazırkı mərhələdə bununla bağlı məntiqli və real əsaslara söykənən yanaşma zəif görünür. Çünki bu, aşağı ehtimallı bir ssenaridir.

Burada iqtisadi amillər mühüm rol oynayır. Belə ki, uzunmüddətli sanksiyalarla üzləşmək, enerji ixracından asılılığın artması, texnologiya və kapital axınının məhdudlaşması, demoqrafik azalma və sair bir ölkənin zəifləməsinə gətirib çıxara bilər”.

Elmir Səftərov: Azərbaycan əldə etdiyi qələbələrini beynəlxalq hüquqa əsaslandırır- ÖZƏL

Elmir Səftərov

Bu fikirləri siyasi şərhçi Elmir Səftərov KONKRET.az-a açıqlamasın da səsləndirib: Eyni zamanda, bu məsələdə hərbi və geosiyasi mövqe də əsaslı rol oynayır. Tarixdə SSRİ-nin dağılması kimi bir presedent də mövcuddur. Lakin Rusiyanın hazırkı sistemi SSRİ-dən tamamilə fərqlənir və mövcud reallıqlar dəyişib. Hazırda ölkədə güclü mərkəzləşdirilmiş idarəetmə sistemi mövcuddur. Dövlət strukturları yüksək səviyyədə mərkəzləşdirilib və regionların müstəqil qərarvermə imkanları olduqca məhduddur. Regionların asılılığı birbaşa mərkəzdəndir və hərbi struktur da mərkəzi hakimiyyətə tabedir. Bu amillər potensial parçalanma riskini azaldan mühüm faktorlardır”.

E.Səftərov qeyd edir ki, bundan əlavə, Rusiya nüvə dövləti olduğu üçün onun parçalanması beynəlxalq sistem baxımından da arzuolunan və təhlükəsiz ssenari hesab edilmir. Bu, həm regional, həm də qlobal səviyyədə ciddi risklər yarada biləcək bir prosesdir.

“Əlbəttə, müəyyən ehtimallar və ssenarilər mövcuddur. Belə ki, uzunmüddətli iqtisadi zəifləmə, struktur dəyişiklikləri, sosial vəziyyətin pisləşməsi və mərkəzi hakimiyyətin legitimliyinin azalması kimi amillər zamanla təsir göstərə bilər. Lakin bunlar təkbaşına bir dövlətin parçalanmasına səbəb olan həlledici faktorlar deyil. Tarix göstərir ki, bir dövlətin parçalanması üçün təkcə iqtisadi çətinliklər kifayət etmir. Bunun üçün mərkəzi hakimiyyətin legitimliyini ciddi şəkildə itirməsi, dərin və uzunmüddətli iqtisadi tənəzzül, siyasi və elitalar arasında parçalanma, ideoloji və mədəni ayrılıqların güclənməsi, eyni zamanda, regionlarda separatizmin geniş vüsət alması kimi paralel proseslər baş verməlidir”.

Siyasi şərhçi vurğulayır ki, hazırkı mərhələdə isə bu amillərin sistemli və genişmiqyaslı formada mövcud olduğunu demək çətindir.

“Çünki ölkə vahid mərkəzdən idarə olunur və siyasi nəzarət mexanizmləri kifayət qədər güclüdür.
Bu səbəbdən Rusiyanın yaxın perspektivdə parçalanması ehtimalını hazırda aşağı qiymətləndirmək olar”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*