Zelenski Aİ liderlərinə müraciət etdi: “Ukrayna xalqına xəyanət etməyin”backend

Zelenski Aİ liderlərinə müraciət etdi: “Ukrayna xalqına xəyanət etməyin

“Avropa İttifaqı liderlərinin Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamaq məsələsində qətiyyətsizliyi Rusiya prezidenti Vladimir Putinin qələbəsinə çevrilə bilər”.

KONKRET.az xəbər verir ki, bu sözləri, Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə Avropa Şurasının iclasında videobağlantı vasitəsilə danışarkən deyib.

O, Avropa liderlərini Rusiyanın qalib gəlməsinin qarşısını almağa çağırıb. Ukrayna liderinin sözlərinə görə, 2023-cü ilin əvvəlindən Rusiya nə döyüş meydanında, nə də beynəlxalq arenada ciddi nailiyyətlər əldə etməyib.

“Sammit ərəfəsində bəzi Aİ liderləri ilə danışıqlar apardım. Heç kəs əks-arqument səsləndirməyib. Niyə biz bütün Avropanın razılaşdırdığı planı həyata keçirmirik?”, – deyə Zelenski sual edib.

Ukrayna prezidenti qeyd edib ki, ölkə Aİ-yə daxil olmaq üçün bütün öhdəlikləri yerinə yetirib. Onun fikrincə, sammit nəticəsində Ukraynanın Avropa İttifaqına daxil olması planına razılıq verilməsi barədə qərar qəbul edilməlidir. Bu plan daha əvvəl Avropa Komissiyası tərəfindən təsdiqlənib.

Zelenski müraciətində xatırladıb ki, 2014-cü ilin Avromaydanı zamanı ukraynalılar kütləvi şəkildə  o zamankı prezidentinin ölkəni Avropaya inteqrasiya etməkdən imtina etməsinə qarşı çıxıblar. “10 il əvvəl Ukraynada insanlar Avropa İttifaqının bayraqları altında ayağa qalxırdılar. Onlar üçün bu, həqiqətin simvolu idi və belə də qalmalıdır. Bu gün sizdən bir şey xahiş edirəm – Ukrayna xalqa və onların Avropaya olan inancına xəyanət etməyin”, – deyə Zelenski əlavə edib.

Qeyd edək ki, Brüsseldə sammit zamanı Avropa İttifaqı liderləri Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara ilin sonuna qədər başlanılıb-başlanılmaması və ölkəyə 50 milyard avro həcmində maliyyə yardımı ayrılıb-ayrılmayacağı barədə qərar qəbul edəcəklər.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*