Kənd Təsərrüfatı Nazirliyi iri və xırdabuynuzlu mal-qaranın sayının azalması, bunun fonunda isə ölkədə ətin bahalaşması ilə bağlı yeni subsidiya tədbirlərinin tətbiqinə qərar verib.
KONKRET.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli isə subsidiyaların şərtlərinin kəndli, kiçik və orta sahibkarlar, eləcə də fermerlərin böyük hissəsinin bu dəstəkdən kənarda qalmasına səbəb ola biləcəyini bildirib.
O qeyd edib ki, yeni şərtlərə əsasən, istifadəsində azı 100 hektar örüş və ya otlaq sahəsi olan və 500 və daha çox xırdabuynuzlu heyvan saxlayan təsərrüfatlarda qeydiyyatda olan hər heyvana görə 4 manat subsidiya veriləcək.
Subsidiya üçün əsas şərtlərdən biri təsərrüfatların istifadəsinə verilmiş örüş və otlaqlarda münbitliyin və biomüxtəlifliyin artırılmasıdır.
Natiq Cəfərli bu tələblərin kiçik və orta fermerlərin imkanlarına uyğun olmadığını vurğulayıb:
“Ölkədə hansı kiçik və orta sahibkarın, fermerin 100 hektar torpağı, 500 və daha çox baş qoyun-keçisi var? Bu subsidiyaları kim alacaq? 500 qoyunu olan təsərrüfata ildə cəmi 2000 manat subsidiya veriləcəksə, bu hansı dərdin dərmanı olacaq?”
İqtisadçı həmçinin subsidiyanın əldə edilməsi üçün nəzərdə tutulan münbitlik və biomüxtəliflik meyarlarının necə müəyyənləşdiriləcəyinin də açıqlanmalı olduğunu bildirib.
“Bu 2000 manatı almaq üçün otlaqlarda, örüş yerlərində münbitlik və biomüxtəliflik artmalıdır. Bunun kriteriyaları nədir? Bu yaxınlarda suvarma üçün suyun qiyməti qalxdı. Münbitliyin artırılması üçün Allaha dua edib yağış istəməklə yanaşı, suvarmaq da lazımdır. İldə bir neçə dəfə suvarsalar, elə 2000 manatı su pulu kimi verməli olmayacaqlar?” – deyə Cəfərli qeyd edib.
Onun sözlərinə görə, biomüxtəlifliyin təmin edilməsi də əlavə xərc tələb edir və ayrılan 2000 manatın bu xərcləri nə dərəcədə qarşılayacağı sual doğurur.
Natiq Cəfərli hesab edir ki, aidiyyəti qurumların kənd təsərrüfatının inkişafı üçün addımlar atması müsbət haldır. Lakin subsidiyaların hansı prinsiplərlə hazırlandığı və onların effektivliyinin necə hesablandığı da açıqlanmalıdır.
“Bu suallara cavab vermək lazımdır. Əlaqədar qurumların müəyyən addımlar atmaq istəməsi yaxşıdır. Amma belə təklifləri necə hazırlayırlar, subsidiyaların effektivliyini necə hesablayırlar?” – deyə iqtisadçı əlavə edib.
