17 oktyabr 1905-ci il: Rusiya imperiyasında mütləqiyyətin sonuna doğru atılan tarixi addımbackend

17 oktyabr 1905-ci il: Rusiya imperiyasında mütləqiyyətin sonuna doğru atılan tarixi addım

17 oktyabr 1905-ci il Rusiya imperiyasının tarixində ən dramatik və dönüş yaradan tarixlərdən biridir. Həmin gün imperator II Nikolay məşhur “Dövlət idarəçiliyinin təkmilləşdirilməsi haqqında” Manifesti imzaladı. Faktiki olaraq, qeyri-məhdud mütləq monarxiyanın əsaslarını sarsıdan və Rusiyanı konstitusiyalı monarxiyaya çevrilmək istiqamətində aparan bu sənəd xoşməramlı islahatların nəticəsi deyildi. O, iflic vəziyyətinə düşmüş ölkənin hakimiyyətə göstərdiyi güclü təzyiqin, demək olar ki, ultimatum xarakteri alan tələblərin nəticəsi idi.

1905-ci ilin payızında Rusiya imperiyası dərin böhran və xaos içində idi. Rusiya-Yaponiya müharibəsindəki məğlubiyyət dövlət idarəetmə sisteminin ciddi qüsurlarını üzə çıxarmış, “Qanlı bazar günü” hadisələri isə xalqın “xeyirxah çar” haqqında qalan son ümidlərini də puça çıxarmışdı.

Oktyabr ayına doğru ölkədə ümumrusiya siyasi tətili başlandı. İki milyondan çox insan işə çıxmadı. Dəmir yolları dayandı, zavod və fabriklər fəaliyyətini dayandırdı, elektrik stansiyaları, apteklər, poçt xidməti, hətta məhkəmələr belə normal işləyə bilmədi. Sankt-Peterburq və Moskvada axşamlar elektrik enerjisinin verilməsi kəsilir, telefon əlaqəsi dayanırdı. Dövlət maşını, demək olar ki, iflic vəziyyətinə düşmüşdü. Hakimiyyət küçələrdə baş verən proseslərə nəzarəti itirmək təhlükəsi ilə üz-üzə qalmışdı.

II Nikolay və ailəsi Peterhofdakı iqamətgahında faktiki təcrid vəziyyətinə düşmüşdü. Dəmir yollarının dayanması səbəbindən paytaxtla əlaqə saxlamaq üçün Baltik dənizi vasitəsilə hərəkət edən gəmilərdən istifadə olunurdu. İmperatorun qarşısında çıxış yolu kimi cəmi iki variant qalmışdı.

Birinci variant – qanlı diktatura yolu. Hərbi vəziyyət elan etmək, ölkədə diktatura qurmaq və üsyanı amansızlıqla yatırmaq. Bu məqsədlə çarın əmisi oğlu, böyük knyaz Nikolay Nikolayeviçin namizədliyi nəzərdən keçirilirdi. Lakin o, bu təklifi qətiyyətlə rədd etdi. Rəvayət edilən hadisəyə görə, böyük knyaz hətta tapançasını çıxararaq imperator islahatlara razılıq verməsə, onun kabinetində özünü öldürəcəyi ilə hədələmişdi. Üstəlik, milyonlarla insanın iştirak etdiyi kütləvi etirazları yatırmaq üçün orduda hakimiyyətin etibar edə biləcəyi kifayət qədər etibarlı hərbi qüvvənin olub-olmadığı da ciddi sual doğururdu.

İkinci variant – geri çəkilmək və islahatlara getmək. Bu yolu Nazirlər Komitəsinin sədri Sergey Yulyeviç Vitte təklif edirdi. Təcrübəli və praqmatik dövlət xadimi başa düşürdü ki, siyasi islahatlar həyata keçirilməsə, Romanovlar sülaləsi yaxın aylarda hakimiyyətdən devrilə bilər.

Nəhayət, oktyabrın 17-də axşam saatlarında II Nikolay Manifesti imzaladı.

Sənəddə Rusiya üçün o dövrün siyasi reallıqları baxımından inqilabi əhəmiyyət daşıyan üç əsas prinsip bəyan edilirdi:

– Vətəndaş azadlıqlarının təmin edilməsi. Şəxsi toxunulmazlıq, vicdan, söz, sərbəst toplaşmaq və birliklər yaratmaq azadlıqlarının möhkəm əsaslarının yaradılması nəzərdə tutulurdu. Bu qərar siyasi fəaliyyət üçün yeni imkanlar açdı və siyasi partiyaların qanuni fəaliyyətinə yol verdi.

– Seçki hüquqlarının genişləndirilməsi. Əvvəllər seçki hüququndan məhrum edilmiş əhali təbəqələrinin də Dövlət Dumasına seçkilərə cəlb edilməsi vəd olunurdu.

– Dövlət Dumasının qanunvericilik prosesində iştirakının təmin edilməsi. Heç bir qanunun Dövlət Dumasının təsdiqi olmadan qüvvəyə minməməsi prinsipi irəli sürülürdü. Beləliklə, xalqın nümayəndələrinə qanunvericilik prosesində iştirak etmək və hakimiyyətin fəaliyyətinə müəyyən nəzarət imkanları əldə etmək vəd edilirdi.

II Nikolay üçün Manifestin imzalanması ağır mənəvi sarsıntı idi. O, həmin gün baş verənləri şəxsi faciə kimi qəbul edirdi. İmperator gündəliyində yazırdı:

“Belə bir gündən sonra başım ağırlaşdı, fikirlərim qarışdı. İlahi, bizə kömək et, Rusiyanı xilas et və sakitləşdir!”

Çar səmimi şəkildə inanırdı ki, bu addımla tacqoyma mərasimində etdiyi müqəddəs andı – mütləq monarxiyanı qoruyub saxlamaq öhdəliyini pozmuşdu.

Bununla belə, Manifest qısamüddətli siyasi məqsədinə nail oldu. Etirazçı qüvvələrin bir hissəsi verilən vədləri qəbul etdi, ümumi tətil tədricən səngidi, inqilabi dalğa zəiflədi. Monarxiya bununla daha 12 il yaşamaq üçün möhlət qazandı.

Lakin verilən siyasi vədlərlə ölkədəki real idarəçilik sistemi arasındakı ziddiyyətlər aradan qalxmadı. Sonrakı illərdə Dövlət Dumasının səlahiyyətləri ilə çar hakimiyyəti arasında qarşıdurmalar davam etdi.

1905-ci il Manifesti imperiyanı xilas etmək üçün atılmış mühüm addım olsa da, onun dərin böhranını həll edə bilmədi. Tarix göstərdi ki, siyasi güzəştlər böhranın qarşısını müvəqqəti ala bilər, lakin dövlətlə cəmiyyət arasındakı ziddiyyətləri aradan qaldırmaq üçün daha fundamental dəyişikliklər tələb olunur. 1917-ci ildə Romanovlar sülaləsinin süqutu isə 1905-ci ildə açılmış tarixi düyünün hələ də çözülmədiyini nümayiş etdirdi.

Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*