Azərbaycanda erkən nikahlarla mübarizə istiqamətində qanunvericilik sərtləşdirilsə də, cəmiyyətdə tez-tez müzakirə olunan məsələlərdən biri də nikah yaşına çatmayan şəxslərlə “həri”lənmənin hüquqi məsuliyyət yaradıb-yaratmamasıdır.
Bəs 18 yaşı tamam olmayan şəxslə “həri”lənmək cinayət hesab edilirmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan hüquqşünas Turan Abdullazadə bildirib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 176-1.2-ci maddəsinə əsasən, nikah yaşına çatmayan şəxsi erkən evliliyə daxil olmağa məcbur etməyə görə 3 min manatdan 4 min manatadək cərimə və ya 4 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Onun sözlərinə görə, erkən evlilik dedikdə nikah bağlanmadan ailə qurmaq məqsədilə yaradılan birlik başa düşülür və bu anlayışa nişan mərasimləri də daxil edilə bilər:
“Lakin el arasında “həri” adlandırılan razılaşma erkən evlilik anlayışına daxil deyil. Qanunvericilikdə evlilik və erkən evlilik anlayışları fərqləndirilir. Həri iki ailə arasında qeyri-rəsmi razılaşma və ya söhbətdən ibarətdir.
Burada hər hansı rəsmi mərasim, ictimai tədbir və ya restoran şəraitində qeyd etmə olmur. Bu səbəbdən “həri”lənməyə görə nə cinayət, nə də inzibati məsuliyyət yaranır”.
Hüquqşünas qeyd edib ki, hətta nişan mərasimi zamanı belə məsuliyyətin yaranması üçün məcburetmə faktının olması əsas şərtlərdən biridir:
“Əgər məcburetmə yoxdursa, məsuliyyət məsələsi də gündəmə gəlmir. Ancaq restoran sahibləri bu məsələdə son dərəcə diqqətli olmalıdırlar. Nikah yaşına çatmayan şəxslərlə bağlı erkən evlilik xarakterli mərasimlərin təşkilinə görə ictimai iaşə obyektləri və restoranlar ciddi cərimələrlə üzləşə bilərlər”.
Turan Abdullazadənin sözlərinə görə, belə hallarda fiziki şəxslər 1500, vəzifəli şəxslər 4 min, hüquqi şəxslər və obyekt sahibləri isə 9 min manatadək cərimə oluna bilərlər:
“Nikah yaşına çatmayan şəxslərlə əlaqədar erkən evlilik xarakterli mərasimlərin təşkili və keçirilməsi qanunvericiliklə məsuliyyət yaradır. Bu zaman məcburetmə faktının mövcudluğu əsas şərt hesab edilmir.Lakin “həri”lənmə tamamilə qeyri-rəsmi razılaşma olduğundan qanunvericilikdə cinayət və ya inzibati xəta kimi qiymətləndirilmir”.
Aynurə İsmayıl
KONKRET.az
