Türkiyənin ən uzunömürlü seriallarından biri olan “Arka Sokaklar” 20 illik ekran həyatını başa vurub.
KONKRET.az xəbər verir ki, bu barədə serialın ssenaristi Ozan Yurdakul sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, 2006–2022-ci illərdə Erler Film tərəfindən istehsal olunan layihə son üç mövsümdə “D Media” prodüserliyi ilə davam edərək 20-ci mövsümünü tamamlayıb. Yeni mövsüm üçün hazırlıqlar aparıldığı bir vaxtda isə “D Media” və “Kanal D”serialın davam etdirilməməsi barədə yekun qərar qəbul edib.
Yurdakul qeyd edib ki, mərhum Türker İnanoğlu tərəfindən 2006-cı ildə əsası qoyulan “Arka Sokaklar” layihəsi bununla da rəsmən başa çatıb.
Ssenarist paylaşımında serialın tamaşaçılarla layiqincə vidalaşa bilməməsindən təəssüfləndiyini də vurğulayıb:
“20 il ərzində həm televiziya rəqabətində öz yerini qoruyan, həm də Türkiyənin yaxın tarixinə şahidlik edən “Arka Sokaklar” tamaşaçısı ilə layiqincə vidalaşmalı idi. Təəssüf ki, bu mümkün olmadı. Buna görə kədərlənirik. Lakin 751 həftə ərzində bu layihəni yaşada bildiyimiz üçün qürur duyuruq.”
Ozan Yurdakul serialın ərsəyə gəlməsində əməyi olan bütün yaradıcı heyətə, aktyorlara və ən əsası illərdir ekran qarşısında layihəyə dəstək verən tamaşaçılara təşəkkür edib.\\Sfera.az
