35 min manata satılan torpaq sahəsi ilə bağlı özbaşınalıq edildi – QƏRARbackend

35 min manata satılan torpaq sahəsi ilə bağlı özbaşınalıq edildi – QƏRAR

Bakı Apellyasiya Məhkəməsində özbaşınalıqda təqsirləndirilən Adil Ömərovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, təqsirləndirilən şəxs 2023-cü ilin avqust ayında Suraxanı rayonunun Hövsan qəsəbəsində, Quşçuluq sovxozu yaşayış massivində yerləşən, zərərçəkmiş S.S.-ə (adı, soyadı şərtidir)məxsus 500 kvadratmetr torpaq sahəsini və üzərində tikintisi başa çatdırılmamış fərdi yaşayış evini əldə edib. Ümumi dəyəri 35 000 manat olan həmin əmlakın torpaq sahəsinə və evə heç bir aidiyyəti olmayan C.Cəfərov tərəfindən öz əmlakı kimi təqdim edilərək Adil Ömərova satılıb.

Sonradan baş verənlərdən xəbər tutan zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin əmlak üzərindəki iddialarının qanunsuz olduğunu bildirərək, əvvəllər sahiblik hüququ əldə etdiyi və inşasına başladığı evə daxil olmamasını onun yaxın qohumları vasitəsilə tələb edib.

Lakin Adil torpaq sahəsinə və evə dair qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadığı halda, mübahisənin həlli üçün nəzərdə tutulan qanuni qaydalara zidd hərəkətlər edib. Belə ki, o, həyətyanı sahənin ətrafına hasar çəkib, evdə ailəsi ilə birlikdə yaşamağa davam edib, daha sonra təmir işlərini tamamlayaraq ailəsi ilə həmin evə köçüb. Bu hərəkətlər nəticəsində S.S.-əmühüm ziyan vurulduğu və təqsirləndirilən şəxsin özbaşınalıq etdiyi qeyd olunur.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Adil Ömərov Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 1000 manat məbləğində cərimə cəzası təyin edilib. Bununla yanaşı, Cinayət Məcəlləsinin 69.4-cü maddəsi tətbiq olunaraq, şəxsin 2024-cü ildə tutulduğu müddət nəzərə alınıb. Tutulma müddəti 24 saatı keçdiyindən iki gün hesablanıb və təyin edilmiş 1000 manat cərimə cəzası qəti olaraq 800 manat məbləğində cərimə ilə əvəz edilib.

Hökmdən narazı qalan məhkum və onun müdafiəçisi apellyasiya şikayəti veriblər. Onlar hökmün ləğv edilməsini və cinayət işinə xitam verilməsini xahiş ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*