48 yaşlı amerikalı İT milyoneri Brayan Conson öz bədənini tarixin ən bahalı bioloji eksperimentlərindən birinə çevirib. O, hər il “Project Blueprint” layihəsinə 2 milyon dollardan çox vəsait xərcləyir. Məqsədi orqanizminin bioloji göstəricilərini 18 yaşlı gəncin səviyyəsinə qaytarmaqdır.
Conson gündə 111 həb qəbul edir, axşam saat 20:30-da yatır, minlərlə inyeksiya və tibbi prosedurdan keçir. Lakin insan orqanizmi ilə bağlı təcrübələri göstərir ki, qocalmanın öz qanunları var.
Təbiət qanunlarına qarşı mükəmməl plan
Conson hər bir göstəricisini gecə-gündüz izləyən 30 aparıcı həkimdən ibarət komanda yaradıb. Onun səhəri çəkisinin, bədənindəki yağ faizinin, temperaturunun, qan şəkərinin və oksigen səviyyəsinin ölçülməsi ilə başlayır. Ardınca vegan smuzi, bir saatlıq intensiv məşq və bioloji aktiv əlavələr gəlir.
Milyonçu uzun müddət əldə etdiyi nəticələrlə fəxr edirdi. Onun iddialarına görə:
* Ürəyinin bioloji yaşı 37 yaş səviyyəsinə enib.
* Dərisinin sıxlığı 20 yaşlı insanın göstəricilərinə yaxınlaşıb.
* Qocalma sürəti 24 faiz azalıb.
Conson genetik kodu sındırdığına və qocalmanı ləngitməyi bacardığına inanırdı. Lakin orqanizmi heç bir superkompüterin əvvəlcədən hesablaya bilmədiyi problemlərlə üzləşdi.
İmmunitet sistemi nə zaman zəiflədi?
Gəncliyi qorumaq uğrunda mübarizədə ilk ciddi problem adi fizioloji proseslərlə bağlı oldu. Qan göstəricilərini ideal səviyyədə saxlamağa çalışan Conson qida rasionunun kaloriliyini kəskin azaltdı. Nəticədə onun dərialtı yağ faizi iddiaya görə, kritik 3 faizə düşdü.
Enerji ehtiyatları həddindən artıq azalan orqanizm buna dərhal reaksiya verdi:
- İmmunitet sistemində problemlər yarandı.
- Milyonçu hətta isti otaqda belə üşüməyə başladı.
- Enerjisi və həyat tonusu kəskin azaldı.
Həkimlər onun qidalanma planını təcili dəyişməli oldular. Bu hadisə göstərdi ki, kağız üzərində ideal görünən rəqəmlər real həyatda sağlamlığın qorunmasına zəmanət vermir.
Üzünü cavanlaşdırmaq istədi, təhlükəli reaksiya ilə üzləşdi
Ən ciddi problemlərdən biri üzün cavanlaşdırılması təcrübəsi zamanı baş verdi. Conson üz toxumalarına əvvəlki həcmini qaytarmaq üçün başqa donordan götürülmüş yağın inyeksiyasına qərar verdi.
O, güzgüdə daha gənc görünəcəyini gözləyirdi. Lakin prosedurdan sonra təhlükəli allergik reaksiya ilə üzləşdiyi bildirilir.
Bir neçə saat ərzində onun üzü sürətlə şişməyə başladı. Şişkinlik o qədər güclü idi ki, gözləri bağlandığından müvəqqəti olaraq görə bilmədi.
Orqanizm yad toxumalara güclü iltihabi reaksiya verdi. Üzünün əvvəlki vəziyyətinə qayıtması üçün həftələrlə müalicə aparılmalı oldu.
Bu hadisə bahalı prosedurların belə risklərdən sığortalamadığını bir daha gündəmə gətirdi.
Üç nəsil eyni eksperimendə iştirak etdi
“Blueprint” layihəsinin ən çox müzakirə olunan mərhələlərindən biri qan plazmasının dəyişdirilməsi təcrübəsi idi.
Conson bu layihəyə 17 yaşlı oğlu Talmeji və 70 yaşlı atası Riçardı da cəlb etdi. Məqsəd gənc oğuldan alınan plazmanın Brayanın cavanlaşmasına, Brayanın plazmasının isə atasına fayda verməsinə nail olmaq idi.
Conson ailəsinin üç nəsli prosedurdan keçdi. Lakin bir neçə ay sonra aparılan qan analizləri gözlənilən nəticəni göstərmədi.
Milyonçunun həkimləri bioloji göstəricilər baxımından heç bir fayda aşkar etmədiklərini bildirdilər. Bundan sonra Conson bu eksperimenti dayandırdığını açıqladı.
Milyardlar belə qocalmanın qarşısını ala bilərmi?
Brayan Consonun hekayəsi mühüm bir sual doğurur: qocalmanı tamamilə dayandırmaq mümkündürmü?
Qocalma bir detalın sıradan çıxması deyil ki, onu dəyişdirməklə və ya bahalı krem çəkməklə problemi həll etmək mümkün olsun. Bu, çoxsaylı bioloji proseslərin qarşılıqlı təsiri ilə baş verən mürəkkəb hadisədir.
Bir göstəricini yaxşılaşdırmağa çalışarkən digərinə mənfi təsir göstərmək mümkündür. Dərinin vəziyyətini yaxşılaşdırmaq cəhdi immunitetə, hormonal tarazlığa və ya başqa fizioloji proseslərə təsir edə bilər.
Conson öz təcrübələrini davam etdirsə də, onun hekayəsi qocalmanın qarşısını almaq istəyənlər üçün mühüm xəbərdarlıqdır: milyonlarla dollar ən müasir tibbi müayinələrə və müalicələrə çıxış imkanı yarada bilər, lakin bu, təbiətin fundamental qanunlarını ləğv etmir.
Müəllif: Dauren Musa
Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az
