5 dollardan 500 dollara qalxdı – Bu qərar qiymətləri dəyişə bilərbackend

5 dollardan 500 dollara qalxdı – Bu qərar qiymətləri dəyişə bilər

Azərbaycanda bəzi məhsullar üzrə ixrac gömrük rüsumları 100 dəfə artırılacaq. Yeni qərara əsasən, metal tullantıları və qırıntılarının ixracı zamanı 1 000 kiloqram üçün rüsum 5-7 dollardan 500 dollara yüksəldiləcək.

Bu dəyişiklik yerli bazara və məhsulların qiymətinə necə təsir edəcək? İxrac gömrük rüsumlarının bu qədər artırılması hansı iqtisadi məqsədlərə xidmət edir?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, bu proses həmin məhsulların ölkə daxilində qalmasını və yerli sənaye müəssisələrinin xammalla təminatını təşviq etmək məqsədi daşıyır:

“Ancaq bu addımın nəticəsi təkcə ixracın azalması ilə məhdudlaşmayacaq. Dəyişiklik metal qırıntılarının alış qiymətinə, təkrar emal müəssisələrinin xərclərinə, metal məmulatlarının maya dəyərinə və nəticədə bəzi hazır məhsulların qiymətinə də təsir göstərəcək. Burada əsas iqtisadi məsələ ixracı məhdudlaşdırmaqla yerli istehsalçılara daha əlverişli xammal şəraiti yaratmaq arasında düzgün tarazlığın qorunmasıdır. Rüsumun kəskin artırılması yerli müəssisələr üçün xammal təklifini artıra bilər, lakin eyni zamanda metal tullantılarının toplanması və təkrar emalı ilə məşğul olan sahibkarların gəlirlərinin azalma ehtimalı var”.

İqtisadçı bildirib ki, rüsum artımının mümkün təsirləri bir neçə istiqamətdə özünü göstərə bilər:

“Əvvəla, metal tullantılarının xaricə satılması daha az sərfəli olacaq. Məsələn, hər ton üçün 5 dollarlıq rüsumun 500 dollara qaldırılması ixracatçının hər ton üzrə əlavə 495 dollar xərc çəkməsi deməkdir. Əvvəlki rüsum 7 dollar olduqda isə artım 493 dollar təşkil edir. Bu fərq ixracatçıları xarici bazarlardan daha çox yerli alıcılara yönəlməyə sövq edir. Nəticədə daxili bazarda metal qırıntılarının təklifi arta bilər.

İkincisi, yerli metallurgiya və təkrar emal müəssisələri üçün xammal əlçatanlığı yaxşılaşacaq. Metal tullantıları yenidən əridilərək müxtəlif sənaye məhsullarının istehsalında istifadə olunur. Müəssisələr xammalı daha münasib qiymətə əldə edə bilsələr, istehsal xərcləri azalar, yerli istehsalın rəqabət qabiliyyəti artar. Bu, xüsusilə metal qırıntılarından istifadə edən müəssisələr üçün əhəmiyyətlidir.

Üçüncüsü, rüsum artımının metal məmulatlarının qiymətinə təsiri birmənalı deyil. Daxili bazarda metal qırıntılarının qiyməti aşağı düşərsə, bu, təkrar emal müəssisələrinin xərclərini də azaldacaq. Lakin həmin qənaətin tikinti armaturu, metal konstruksiyalar, avadanlıq və digər hazır məhsulların qiymətində öz əksini tapması avtomatik deyil. Bunun üçün rəqabət mühiti, istehsalçıların bazar gücü və digər xərclər də nəzərə alınmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*