ABŞ-ın Florida ştatının Tallahassi şəhərində Florida Kənd Təsərrüfatı və Mexanika Universitetinin (FAMU) stadionu yaxınlığında baş verən atışma nəticəsində azı 12 nəfər yaralanıb. Yaralıların yarısı yetkinlik yaşına çatmayanlardır.
KONKRET.az xəbər verir ki, hadisə şənbə günü gecə, “Bragg Memorial” stadionunda keçirilən futbol matçından sonra, tamaşaçıların ərazini tərk etdiyi vaxt baş verib.
Naməlum şəxs insanların üzərinə atəş açıb.
Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, yaralılardan 11-i birbaşa odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb. Onlardan üçü ağır və kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib. Digər doqquz yaralının vəziyyəti isə stabildir.
Atışmadan sonra yaranan qarışıqlıqdan istifadə edən şübhəli hadisə yerindən qaçıb. Polis universitet şəhərciyinin ərazisini və ətraf məhəllələri mühasirəyə alıb.
Hələlik şübhəlinin saxlanılması və hadisənin motivləri barədə məlumat verilməyib. Araşdırma davam edir.
https://t.co/CoMD3OsGdF
— Elvin Ahmad (@ElvinAhmad2) October 25, 2026
Günay Əli
KONKRET.az
