ABŞ-ın energetika naziri Kris Rayt İranın nüvə proqramı ilə bağlı beynəlxalq birliyi narahat edən yeni iddialarla çıxış edib. Nazir Tehranın nüvə silahı hazırlamaq üçün lazım olan materialı qısa müddətdə əldə etmək potensialına malik olduğunu bildirib.
KONKRET.az xəbər verir ki, Kris Rayt İranın hazırda əlində olan 60% zənginləşdirilmiş uran ehtiyatlarının cəmi bir neçə həftə ərzində 90%-lik səviyyəyə çatdırıla biləcəyini qeyd edib. Məhz 90%-lik zənginləşmə dərəcəsi nüvə silahının yaradılması üçün yararlı hesab olunur.
Nazirin sözlərinə görə, Vaşinqtonu ən çox narahat edən məqam uranın sonrakı zənginləşdirilmə prosesinin inanılmaz dərəcədə sürətli həyata keçirilmə ehtimalıdır. Bu texniki imkan İranın nüvə dövlətinə çevrilməsi yolunda “kritik həddi” keçmək üzrə olduğunu göstərir. ABŞ rəsmisi vurğulayıb ki, beynəlxalq nəzarət mexanizmləri və diplomatik təzyiqlər bu prosesin qarşısını almaq üçün daha effektiv formaya salınmalıdır.
Natiq Səlim,
KONKRET.az
