ABŞ-ın axtardığı dələduz Rusiyada: Kadırova yaxın çevrə ilə biznes ortaqlığı iddiasıbackend

ABŞ-ın axtardığı dələduz Rusiyada: Kadırova yaxın çevrə ilə biznes ortaqlığı iddiası

Rusiyada 2 milyard dollarlıq dələduzluqda ittiham olunan amerikalılar məskunlaşıb.

KONKRET.az dünya mediasına istinadən xəbər verir ki, onların lideri Rusiya vətəndaşlığı alıb və Ramzan Kadırova yaxın deputatın ailəsi ilə tərəfdaşlıq edir.

ABŞ hakimiyyəti 34 yaşlı Brayan Sattonu son illərin ən iri dələduzluq sxemlərindən birini təşkil etməkdə ittiham edir.

İstintaqın versiyasına görə, onun rəhbərlik etdiyi cinayətkar qrup ABŞ sığorta şirkətlərinə təxminən 2 milyard dollar məbləğində saxta hesab təqdim edib və bunun nəticəsində 758 milyon dollardan çox vəsait əldə edib. Sxemin 15 iştirakçısı artıq həbs cəzası alsa da, ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Satton hazırda Rusiyadadır.

“Vacib Hekayələr” nəşrinin araşdırmasına əsasən, Satton və ailəsi ABŞ-da dələduzluq sxemi hələ fəaliyyət göstərdiyi dövrdə Rusiyada məskunlaşıb.

Kaliforniya ştatında anadan olan, 2017-ci ildə İsrail vətəndaşlığı alan Satton artıq 2019-cu ildə Çeçenistanda qeydiyyata alınıb — əvvəlcə Arqun şəhərində, sonra Qroznıda. Rusiya-Ukrayna müharibəsinin genişmiqyaslı mərhələsi başladıqdan sonra isə o, Rusiya pasportu əldə edib.

Bu müddət ərzində Satton və ABŞ-da eyni cinayət işi üzrə təqsirləndirilən qohumu elit Barvixa qəsəbəsində hərəyə bir villa alıb, üç Rolls-Royce, altı BMW və 23 Mercedes avtomobilindən ibarət avtopark formalaşdırıb. Bundan başqa, o, United Russian Fighters (“Birləşmiş Rusiya Döyüşçüləri”) döyüş klubunun həmtəsisçilərindən birinə çevrilib.

Bu komandanın təsisçisi ABŞ sanksiyaları altında olan Rusiya Dövlət Dumasının deputatı Bexxan Aqayevdir. Onun ailəsi Ramzan Kadırova yaxın hesab olunur. Ailənin başçısı Vaxa Aqayevi Kadırov vaxtilə “əziz qardaşım” adlandırıb. Klub isə Ukraynada döyüşən Rusiya batalyonlarından biri üçün yardım kampaniyaları təşkil edib.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*