ABŞ NATO-dan uzaqlaşsa, alyansı nələr gözləyəcək? – ŞOK PROQNOZbackend

ABŞ NATO-dan uzaqlaşsa, alyansı nələr gözləyəcək? – ŞOK PROQNOZ

ABŞ Prezidenti Donald Trampın NATO müttəfiqlərinə yönəltdiyi son tənqidlər və Vaşinqtonun gələcəkdə alyansdakı roluna dair səsləndirilən fikirlər beynəlxalq gündəmdə yeni müzakirələrə səbəb olub. Bəzi ekspertlər ABŞ-ın NATO-dan uzaqlaşmasının alyansın zəifləməsinə, hətta uzunmüddətli perspektivdə dağılmasına gətirib çıxara biləcəyini iddia edirlər. Digərləri isə hesab edir ki, NATO artıq təkcə ABŞ-dan asılı olmayan, institusional dayaqları formalaşmış bir hərbi-siyasi ittifaqdır.

Bəs ABŞ-sız NATO fəaliyyətini davam etdirə bilərmi, yoxsa alyansın dağılması qaçılmaz olar?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Cümşüd Nuriyev bildirib ki, NATO-nun yaranmasının əsas təşəbbüskarı məhz ABŞ olub və təşkilatın formalaşması İkinci Dünya müharibəsindən sonra SSRİ-yə qarşı təhlükəsizlik sistemi yaratmaq məqsədi daşıyıb.

Cümşüd Nuriyev

Onun sözlərinə görə, sonradan buna cavab olaraq Varşava Müqaviləsi Təşkilatı yaradıldı və iki hərbi blok arasında qarşıdurma SSRİ-nin dağılmasına qədər davam etdi:

“SSRİ dağıldıqdan sonra Varşava Müqaviləsi fəaliyyətini dayandırdı, amma NATO fəaliyyətini davam etdirdi. Hazırda alyans əsasən Rusiya və Çinə qarşı təhlükəsizlik platforması kimi çıxış edir”, – deyə politoloq bildirib.

C.Nuriyev Donald Trampın NATO ilə bağlı sərt açıqlamalarını da şərh edərək qeyd edib ki, ABŞ prezidentinin bu cür bəyanatları daha çox onun siyasi üslubundan irəli gəlir:

“Tramp biznesmen kimi uğurlu ola bilər, amma siyasətdə emosional çıxışları ilə seçilir. Beynəlxalq təşkilatlarda dövlətlərin bir-birindən inciməsi və ya emosional qərarlar verməsi heç bir ölkəyə, o cümlədən ABŞ-a nüfuz qazandırmır”, – deyə o vurğulayıb.

Politoloqun fikrincə, ABŞ-ın təhlükəsizlik strategiyasında NATO mühüm yer tutur və Vaşinqton üçün alyans hələ də geosiyasi baxımdan əhəmiyyətini qoruyur.

Bununla yanaşı, C.Nuriyevin fikrincə, gələcəkdə NATO daxilində ciddi dəyişikliklərin baş verməsi istisna olunmur:

“NATO-nun dağılması tamamilə mümkünsüz ssenari deyil. İkinci Dünya müharibəsindən sonra Almaniya və Yaponiyanın hərbi imkanları ciddi şəkildə məhdudlaşdırılmışdı. Bu gün isə həmin ölkələr, xüsusilə Almaniya, daha müstəqil hərbi siyasət yürütmək istəyir. ABŞ-dan sonra NATO-nun əsas maliyyə yükünü də Almaniya daşıyır. Bu baxımdan gələcəkdə alyans daxilində yeni siyasi qərarlar və ya ayrılıqlar baş verə bilər”, – deyə o qeyd edib.

Politoloq əlavə edib ki, hazırkı geosiyasi şəraitdə NATO-nun dərhal dağılacağını söyləmək doğru olmasa da, alyansın gələcək modeli və ABŞ-la münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyi qarşıdakı dövrdə beynəlxalq siyasətin əsas müzakirə mövzularından biri olacaq.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*