Stereotiplərin İFŞASIbackend

Stereotiplərin İFŞASI

AD GÜNÜ

Hazırda Azərbaycanda camaat ad günü dedikdə, bunu doğum günü kimi başa düsür. Anadan olma tarixi. Amma keçmişdə, hətta cəmi yüz il bundan əvvəl, belə deyildi. “Ad günü” anlayışının populyarlaşması cəmiyyətdə ruslardan, rusdillilərdən, o cümlədən rus dilinə, rusdilliliyə önəm verən azərbaycanlılardan irəli gəldi. Sonra isə bütün KÜTlə bu xristian bayrağını başı üzərində qaldırdı.

“Azərbaycanfilm” kino studiyasının 1977-ci ildə istehsal etdiyi “Ad günü” bədii filmi ana dilimizə, xüsusilə milli şüurumuza sarsıdıcı zərbə endirdi. Və bu, davam edir.

Filmin ssenari müəllifi qüsurlu ideya və ideologiya daşıyıcısı Rüstəm İbrahimbəyovdur. Həmin kino dramaturqu ki, “Səhranın bəyaz günəşi” kimi rus filmini yaradaraq imperiya şüurunu tərənnüm etmiş, rusların Türküstanı işğalını mütərəqqi akt kimi qələmə vermiş, müstəmləkəçi rus əsgərlərini xalqların xilaskarı kimi göstərmişdi.

Amma bu film, əlbəttə, təkcə bir nəfərin əməli deyildi. Onu məşhur olan yaradıcı kollektiv ərsəyə gətirmişdi. Sən bir adlara bax: rejissor Rasim Ocaqov, operator Zaur Məhərrəmov, bəstəkar Emin Sabitoğlu, rəssam Kamil Nəcəfzadə, artistlər Hacı İsmayılov, Şəfiqə Məmmədova, Hüseynağa Sadıqov, Fuad Poladov və başqaları. Heç biri yeniyetmə deyildi. Deməli, heç biri bu ifadənin mənasını anlamırdı.

“Ad günü” ekranlara çıxdıqdan sonra heç kəsdə şübhə qalmadı: bu, doğum günüdür. Elə bütün film də bir başıbəlalının qonaqlıq qayğıları üzərində qurulub.

Sonradan həmin naqis ifadə bütün efirlərdə, artist və aparıcıların, adi adamların dilində yasadı. Çox tanınmış teleaparıcı, toylardan “pul sağan” Kamran isə bir gün öz verlişində zavallı Azərbaycan xalqını “maarifləndirdi”. Dedi kı, keçmiş vaxtlardan uşaq doğulanda, ona ad verib, bu adı qulağına pıçıldayırdılar. Odur ki, həmin gün Ad günüdür. Əhsən, Kamran Həsən!

Nadanlar planetinin iki qütbü var. Birində rus sözü “именины” Azərbaycan dilinə “ad günü “, digər qütbdə isə artıq özünküləşmiş ad günü rus dilinə “день рождения” kimi tərcümə edilir.

Ömrüm ərzində bir neçə dəfə bir neçə adama, o cümlədən ali diplomlulara, məsələnin mahiyyətini izah etmişəm. Əfsuslar, sonradan onlar səhvi (burada qüsur sözü yerinə düşərdi) təkrar ediblər. Sanki sən uşağın batırdığı alt paltarını təmizinə dəyişirsən, birazdan görürsən ki, axmaq insan həmin tumandadır… Məsələ isə belədir.

Azərbaycanda qeyri-xristian xalq kütləsi arasında hamının adı varsa da, ad günü yoxdur. Xaçpərəstlərdə, onlara bir növ mənsub olan ateist və sair adamlarda, əgər xristian adının daşıyıcısıdırlarsa, ad günü var. Buna Mələk günü (День Ангела) də deyirlər. Guya hər ad sahibinin “ştatında” müvafiq mələk çalışır və o, həmin şəxsi xətadan, bəladan qoruyur.

Uzağa getməyək. Rusiyanın “Первый” telekanalında həftəarası hər səhər proqramında ekranın aşağı hissəsində dəyişən informasiyalardan biri də “Именины”dır. Orada həmin təqvim günü kimlərin ad günü olduğu göstərilir. Artıq uzun illərdir belədir. (Yeri gəlmişkən, bu kanalın səhər proqramı digər Rusiya telekanallarının və bütövlükdə Azərbaycan televiziyasının səhər verilişlərindən keyfiyyətlidir. Əgər reklam davam edərsə, Ernst kartıma pul köçürməli olacaq…).

Bu həftənin bazar ertəsi, iyunun 3-də, bütün Yelena, Yaroslav, Kasyan, Kiril, Konstantin, Mixail və Fyodorlarların ad günü idi. O demək deyil ki, bunların hamısı bir gündə – iyunun 3-də doğulub.  Necə ki, mən dedim, yazdım, amma o demək deyil ki, hamı oxudu və anladı. Canımız sağ olsun! Fürsətdir, daha çirk alt paltarında gəzməyin.

A.ƏZİZ,

KONKRET.az

  • pensioner
    İyun 8, 2024 - 09:23

    Məşhur filmə qulp qoymaq hardan ağlına gəlib?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*