“Bakının Xətai rayonunun “Ağ Şəhər” adlanan ərazisi sürüşmə meyilli ərazi deyil, zəif sürüşmə sahəsidir. Bu ərazidə sürüşmənin ciddi şəkildə əhalinin həyat və fəaliyyətinə təsir göstərəcəyi ehtimalı o qədər də yüksək deyil. “Ağ Şəhər”də sürüşmələr yalnız torpaq qrunta müdaxilələr zamanı baş verə bilər”
KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutu Publik Hüquqi Şəxsin Landşaftşünaslıq və təbiətdən istifadə laboratoriyasının müdiri, coğrafiya elmləri doktoru, dosent Mirnuh İsmayılov deyib.
Alim bildirib ki, son zamanlar nəinki Bakı, eləcə də Abşeron, respublikanın əksər dağlıq ərazilərində sürüşmə xəbərləri tez-tez gəlir: “Bu da intensiv yağıntılarla bağlıdır. Son dövrlər Ağ Şəhərdə müşahidə olunan sürüşmə isə binanın özülünün qazılmış yan divarında baş verən çökmə uçqun, sürüşmə hadisəsidir. Yəni sürüşmə ərazidə aparılan tikinti işləri ilə bağlıdır. Görünür, tikinti təşkilatları müəyyən qədər səhlənkarlıq edirlər. Yağıntılı havanı nəzərə alardılar ki, bu hadisə baş verməməydi. Müəyyən tədbirlər həyata keçirmək lazımdır, lakin bir az xərc tələb edir. Sürüşmə baş verəndə istər-istəməz əhali arasında ajiotaj yaranır, “Ağ Şəhər” ərazisi haqda müəyyən fikirlər formalaşır. Bunun qarşısını almaq üçün tikinti şirkətləri çox ehtiyatlı olmalıdırlar. Özül qazılan ərazidə yamacların möhkəmləndirilməsinə ciddi diqqət yetirilməlidir. Bu, təkcə bizdə deyil, dünyanın bir sıra ölkələrində də baş verir. Tikinti şirkətlərinin apardıqları işlərdə özülün yan divarlarında müəyyən uçqun, sürüşmə və s. kimi hadisələr müşahidə edilir. Təbii ki, yağıntısız hava şəraiti olsaydı, həmin hadisə baş verməzdi. Amma bilavasitə yağıntı, antropogen təsirlərlə birləşməsi nəticəsində qarşılıqlı əlaqədən belə bir hadisə baş verib. Təkrar edirəm, ərazi üçün xarakterik deyil, narahat olmağa dəyməz”.
