“Politico” nəşri Avropa Xarici Fəaliyyət Xidmətinin sənədinə istinadən yazır ki, Avropa İttifaqında Rusiyanın beynəlxalq idmana qayıdışının qarşısını almaq üçün yeni tədbirlər nəzərdən keçirilir.
KONKRET.az xəbər verir ki, sənədə əsasən, rəsmilər 2028-ci il Olimpiya Oyunları ərəfəsində bir sıra əlavə addımları müzakirə edirlər. Bu tədbirlər arasında ayrı-ayrı idmançılara viza məhdudiyyətlərinin tətbiqi də var.
Digər təkliflərə beynəlxalq yarışlarda Rusiya bayrağı və himnindən istifadəyə qoyulan qadağanın qüvvədə saxlanılması, Rusiyanı yenidən qəbul edən idman federasiyalarına Aİ qrantlarının məhdudlaşdırılması, eləcə də rusiyalı idmançıların iştirakına şərait yaradan turnirlərin sponsorlarına və yayımçılarına təzyiq göstərilməsi daxildir.
“Politico”nun qeyd etdiyi kimi, Avropa və Ukrayna rəsmiləri Rusiyanın idmana mərhələli şəkildə yenidən inteqrasiyasının Moskva tərəfindən siyasi təsir vasitəsi və beynəlxalq arenaya qayıdış mexanizmi kimi istifadə oluna biləcəyindən ehtiyat edirlər.
Bu narahatlıqlar Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin artıq beşinci ildir davam etdiyi bir vaxtda daha da aktuallaşır.
Rəsmiyyə Şərifova,
KONKRET.az
