Avropa İttifaqı (Aİ) və ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək istiqamətində yeni addımlar atır. ABŞ Senatının Rusiya rəsmiləri, bankları, enerji sektoru və “kölgə donanması”na qarşı genişmiqyaslı sanksiyaları nəzərdə tutan qanun layihəsini dəstəkləməsi Avropa İttifaqı və Ukrayna tərəfindən müsbət qarşılanıb.
KONKRET.az xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ABŞ Senatının səsverməsini alqışlayıb.
O, sosial şəbəkə X-də yazıb ki, Aİ-nin Rusiyaya qarşı 21-ci sanksiya paketinin qəbulundan sonra ABŞ Senatında Lindsi Qremin təşəbbüsü ilə hazırlanan qanun layihəsinin dəstəklənməsi mühüm addımdır.
“Gəlin birlikdə Rusiyanı qazana bilməyəcəyi müharibəni davam etdirmək üçün lazım olan vəsaitdən məhrum edək. Sərt və bir-birini tamamlayan sanksiyalar vasitəsilə Avropa və ABŞ birlikdə hərəkət etdikdə tarixi tərəfdaşların nələrə nail ola biləcəyini bir daha nümayiş etdirə bilər”, – deyə Fon der Lyayen bildirib.
Ukrayna Prezidenti Vladimir Zelenski də ABŞ Senatının qərarını alqışlayıb.
Günay Əli
KONKRET.az
