backend

Almaniya ədalət mühakiməsi necə işləyir? - Siqaret oğurluğuna görə 23 il sonra məhkəməyə çıxarıldı 

2003-cü il fevralın 20-də Rumıniya vətəndaşı olan Mixay L. Saksoniyanın Qohenştayn-Ernsttal şəhərindəki Edeka supermarketinə daxil olur.

Həmin vaxt onun tanışı da işçi kombinezonunun ciblərini oğurladığı siqaretlərlə doldurur. Mixay da bir qutu siqaret götürür. Lakin oğruların hərəkəti diqqətdən yayınmır. Tanışı yaxalananda Mixay siqaret qutusunu yenidən rəfə qoyaraq qaçmağa başlayır. Çıxışa doğru irəliləyərkən bir qadın alıcını itələyir.

Supermarketin qarşısında isə iki inşaatçı onu saxlayaraq polisə təhvil verir. Onun üzərindən heç bir oğurlanmış mal tapılmır.

Bundan sonra Mixay Almaniyanı tərk edir.

Aradan 16 il keçir. 2019-cu ilin Milad bayramı ərəfəsində Almaniyaya daxil olarkən Münhen hava limanında onun sənədləri yoxlanılır. Kompüter sistemində xəbərdarlıq işarəsi peyda olur.

2020-ci ildə prokurorluq Mixaya zor tətbiq etməklə oğurluq etməkdə ittiham irəli sürür. Daha altı il keçir.

Nəhayət, 2026-cı ilin aprelində məhkəmə prosesi keçirilir və Mixay bəraət alır. Səbəb isə sadə oğurluq əməlinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətinin başa çatmasıdır.

Amma əhvalat bununla bitmir. Prokurorluq apellyasiya şikayəti verir!

Saksoniyanın Ts vikkau şəhərində yerləşən regional məhkəmədə məlum olur ki, iş üzrə iki əsas şahid — kassir və qadın alıcı artıq həyatda deyillər. Üstəlik, hadisənin baş verdiyi supermarket də çoxdan bağlanıb.

Bütün bunlara baxmayaraq, prokuror Mixay üçün altı aylıq şərti həbs cəzası tələb edir.

Hakim isə əvvəlki bəraət hökmünü qüvvədə saxlayır. Onun sözlərinə görə, 23 il sonra hadisələrin necə baş verdiyini dəqiq müəyyənləşdirmək artıq mümkün deyil.

Vəkil diqqətə çatdırır ki, təkcə apellyasiya məhkəməsinin keçirilməsi ən azı 1 500 avroya başa gəlir. Bu vəsait isə vergi ödəyicilərinin hesabına ödənilir.

Prokurorluq hazırda növbəti apellyasiya şikayəti verib-verməmək məsələsini nəzərdən keçirir.

İndi Mixayın 58 yaşı var. O, yük maşını sürücüsü işləyir və indiyədək heç vaxt məhkum olunmayıb. Hadisə baş verəndə onun 35 yaşı vardı.

Mixay deyir: “Gənc və ağılsız idim”.

Məhkəmə zalından çıxan Mixay sevincindən siqaret yandırır. Özü də bu dəfə tamamilə qanuni yolla əldə etdiyi siqareti — dediyinə görə, onu Çexiyadan alıb…

Yeri gəlmişkən, Almaniya Hakimlər İttifaqının bu yaxınlarda apardığı hesablamalara əsasən, 2026-cı ilin ortalarına doğru ölkənin prokurorluqlarında baxılmamış işlərin sayı 1,1 milyonu ötüb.

Ötən il təhlükəli hesab edilən 50 şübhəlini isə həbsdən buraxmaq məcburiyyətində qalıblar. Səbəb onların işlərinə həddindən artıq uzun müddət baxılması olub.

Yazıq ədalət mühakiməsi heç siqaret çəkib dincəlməyə də vaxt tapmır…

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*