Almaniyanın Berlin İnzibati Məhkəməsi müsəlman şagirdlərin məktəbdə kollektiv və nümayiş xarakterli namaz qılmasına qoyulan qadağanı qanuni hesab edib.
KONKRET.az xəbər verir ki, “Tagesspiegel” nəşrinin məlumatına görə, qərar Berlindəki Diesterveq liseyində tətbiq edilən qadağa ilə bağlıdır.
Məhkəmə məktəb binasında və ərazisində nümayiş xarakterli dini ibadətlərin keçirilməsinə icazə verilməsinin məcburi olmadığı qənaətinə gəlib. Qərarda bildirilib ki, məktəbdə əvvəllər dini ayinlərlə bağlı ciddi fikir ayrılıqları yaşanıb.
Məhkəmə hesab edib ki, qadağa məktəbdə asayişin və şagirdlər arasında sülhün qorunmasına xidmət edir.
Qadağaya qarşı iddia qaldıran tərəf isə bunun müsəlman şagirdlərin dini etiqad azadlığını məhdudlaşdırdığını və ayrı-seçkilik yaratdığını bildirib. Lakin məhkəmə iddianı rədd edib.
Qərardan yuxarı instansiyaya şikayət verilməsi nəzərdə tutulur.
Günay Əli
KONKRET.az
