Almaniyada “Google Maps” onlayn xəritə xidmətində baş verən texniki nasazlıq ölkə üzrə nəqliyyatın iflic olmasına səbəb olub.
KONKRET.az xəbər verir ki, xəritə tətbiqində bir neçə əsas magistral yol səhvən bağlı göstərildiyi üçün minlərlə sürücü dörd günlük tətildə səfərə çıxarkən çaşqınlıq və gecikmələrlə üzləşib.
Xüsusilə, Bavariya, Hessen və Şimali Reyn-Vestfaliya əyalətlərində böyük yol tıxacları və alternativ marşrutlara yönəlmələr müşahidə olunub. Sosial şəbəkələrdə sürücülər “Google Maps”in məlumatlarına əsaslanaraq uzun dolanbac yollarla hərəkət etməli olduqlarını, bəzən isə saatlarla yolda qaldıqlarını bildiriblər.
Almaniya Nəqliyyat Nazirliyi məsələ ilə bağlı açıqlama verərək, texnoloji platformaların göstərdiyi məlumatlara tam etibar edilməməsini, rəsmi yol məlumatlarının da yoxlanılmasını tövsiyə edib.
“Google” şirkəti isə hadisəni təsdiqləyərək texniki nasazlığın müəyyən edildiyini və problemin qısa müddət ərzində aradan qaldırıldığını bildirib. Şirkət istifadəçilərdən üzr istəyərək sistemdə daha ciddi yoxlamaların tətbiq olunacağını və oxşar halların qarşısının alınması üçün tədbirlərin görüləcəyini vurğulayıb.
Aynurə İsmayıl
KONKRET.az