1871-ci ildə sarı qızdırmadan dünyasını dəyişdi.
Bu məzar Amerikanın Natçez şəhərində yerləşir. Burada Florens İren Ford adlı qızcığaz uyuyur. Onun cəmi 10 yaşı vardı.
Florens həyatda ən çox ildırımdan və göy gurultusundan qorxurdu. Bu, adi qorxu deyildi, əsl panika idi. Göy guruldayan kimi o, dərhal anasının yanına qaçırdı. Anasının adı Elen idi. Elen qızını qucaqlayır, başını sığallayır və astadan pıçıldayırdı:
— Qorxma, günəşim, mən buradayam, yanındayam…
Amma bir gün Florens artıq bu dünyada olmadı.
Qızının ölümündən sonra anası Elen bir fikirdən qurtula bilmirdi. Onu dəhşətə gətirən sual bu idi:
“Bəs birdən orada, torpağın altında yenə göy guruldasa? Mənim balaca qızım səsdən oyanıb qorxsa, məni çağırsa, amma mən yanında olmasam necə? O, qaranlıqda tək qalacaq və qorxacaq…”
Ana bu düşüncəyə dözə bilmirdi. Buna görə də qızı üçün qeyri-adi bir məzar düzəltməyi xahiş etdi.
Qəbrin yanında pilləkənlə aşağı enmək mümkün olan dərin bir quyu qazıldı. Tabutun içərisində, qızın başı olan hissədə isə kiçik şüşə pəncərə qoyuldu.
Hər dəfə göy guruldayanda ana əlinə bir örtük alır, həmin pilləkənlə torpağın altına enirdi. Rütubətli, qaranlıq yerdə o kiçik pəncərənin yanında oturub saatlarla gözləyirdi. Fırtına səngiyənə qədər orada qalırdı.
Bütün bunları bircə səbəbə görə edirdi: qızı qorxmasın, özünü tənha hiss etməsin. Anası onun yanında olsun…
Elen bunu uzun illər davam etdirdi. Ta ki, özü də dünyasını dəyişənə qədər.
Bu gün həmin kiçik pəncərə artıq taxtalarla bağlanıb, pilləkənlərin üstünü isə ot basıb. Amma bu məzar hələ də oradadır…
Bu hekayə ölüm haqqında deyil. Bu, ana sevgisi haqqındadır.
Ana torpağın altında da ana olaraq qalır. Övladı artıq həyatda olmasa belə, onun soyuqdan, qaranlıqdan, göy gurultusundan qorunmasını istəyir. Sanki son nəfəsinə qədər onu qucaqlamaq, qorumaq, başını sığallayıb “Qorxma, mən yanındayam” demək istəyir…
Əgər ananız sağdırsa, bu gün ona zəng edin. Sadəcə səsini eşidin. Halını soruşun. Onu sevdiyinizi deyin.
Çünki elə bir gün gəlir ki, insan anasının səsini eşitmək üçün dünyaları belə verməyə hazır olur…
Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az
