AQTA haqlıdır, yoxsa sahibkarlar?  – Yeni qaydalar ət bazarında hansı nəticələrə gətirib çıxara bilər?backend

AQTA haqlıdır, yoxsa sahibkarlar? - Yeni qaydalar ət bazarında hansı nəticələrə gətirib çıxara bilər?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin canlı heyvanların yalnız ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınması barədə qərarı cəmiyyətdə ciddi müzakirələr yaradıb. Bir tərəf hesab edir ki, bu, müasir baytarlıq və sanitariya standartlarının tələbidir. Digər tərəf isə düşünür ki, onsuz da bahalaşan ət bazarına əlavə xərc gətirəcək və sahibkarların fəaliyyətini çətinləşdirəcək.

Əslində, hər iki tərəfin müəyyən qədər haqlı arqumentləri var.

Dünyanın inkişaf etmiş ölkələrində canlı heyvanların daşınması illərdir ciddi qaydalarla tənzimlənir. Avropa İttifaqında heyvanların daşınması zamanı havalandırma sistemi, döşəmənin sürüşməməsi, dezinfeksiya imkanları, suvarma, yükləmə sıxlığı və heyvanların rifahı ilə bağlı çox sərt normalar mövcuddur. Məqsəd təkcə heyvanların rahatlığı deyil. Əsas məqsəd təhlükəli yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaqdır. Son illər dünyada quş qripi,yun dabaq, Afrika donuz taunu və digər epizootik xəstəliklərin yaratdığı milyardlarla dollarlıq zərər göstərdi ki, biotəhlükəsizlik artıq lüks deyil, zərurətdir.

Bu baxımdan AQTA-nın irəli sürdüyü arqumentlər beynəlxalq praktikaya uyğundur.

Lakin məsələ bununla bitmir.

İqtisadiyyat yalnız qaydalardan ibarət deyil. Qaydaların tətbiq forması da ən azı onların özü qədər vacibdir.

Azərbaycanda heyvan idxalı ilə məşğul olan sahibkarların əksəriyyəti iri logistika şirkətləri deyil. Onların əhəmiyyətli hissəsi orta və kiçik biznes nümayəndələridir. İxtisaslaşdırılmış nəqliyyat vasitələrinin alınması və ya icarəyə götürülməsi isə kifayət qədər böyük xərc tələb edir. Bu xərc də təbii olaraq son məhsulun qiymətinə əlavə olunacaq.

Heç bir sahibkar öz cibindən əlavə xərc ödəmək istəməz. Nəticədə logistika bahalaşacaq, logistika bahalaşdıqca idxal olunan diri heyvanın maya dəyəri yüksələcək, bunun ardınca isə ətin topdansatış və pərakəndə satış qiymətlərində artım qaçılmaz olacaq.

İqtisadçı Natiq Cəfərlinin narahatlığı da məhz buradan qaynaqlanır.

Bununla belə, “dədə-babalarımız arabada daşıyırdı” arqumenti bugünkü qlobal ticarət sistemi üçün ciddi əsas sayıla bilməz. Çünki yüz il əvvəl nə bugünkü xəstəliklər vardı, nə beynəlxalq ticarətin indiki həcmi, nə də ölkələr arasında bu qədər intensiv heyvan dövriyyəsi mövcud idi.

Əsas sual başqadır.

AQTA bu keçidi necə idarə edəcək?

Əgər dövlət yalnız qadağa tətbiq edib bazarı öz axarına buraxacaqsa, nəticədə istehlakçı daha bahalı ət alacaq, kiçik sahibkarların bir hissəsi isə bazardan çıxacaq.

Əgər dövlət güzəştli kreditlər, lizinq mexanizmləri, subsidiya və ya keçid dövründə vergi güzəştləri tətbiq etsə, həmin yük xeyli azalacaq. O zaman həm beynəlxalq standartlar təmin edilər, həm də bazarda ciddi qiymət şoku yaranmaz.

AQTA-nın müsbət addımı ondan ibarətdir ki, qərarı dərhal tətbiq etmir. 2027-ci ilin yanvarına qədər keçid dövrünün müəyyən edilməsi biznesə uyğunlaşmaq üçün müəyyən imkan yaradır. Lakin təkcə vaxt vermək kifayət deyil. Keçid dövrü maliyyə dəstəyi ilə müşayiət olunmasa, problem yenə də qiymət artımı şəklində vətəndaşın cibinə təsir edəcək.

Nəticə etibarilə, AQTA-nın məqsədi doğrudursa, onun iqtisadi icrası da düzgün olmalıdır. Biotəhlükəsizliklə iqtisadi azadlıq bir-birinə zidd anlayışlar deyil. Dövlət elə mexanizm qurmalıdır ki, həm ölkə təhlükəli xəstəliklərdən qorunsun, həm sahibkar ifrat xərclərlə üzləşməsin, həm də istehlakçı daha bahalı ət almağa məcbur qalmasın.

Əks halda, yaxşı niyyətlə qəbul edilən qərar bazarda rəqabəti zəiflədə, idxalı bahalaşdıra və onsuz da yüksək olan ət qiymətlərini daha da artıraraq inflyasiyaya əlavə təzyiq göstərə bilər.

Qaydaların sərtləşdirilməsi müasir dünyanın tələbidir. Ancaq bu qaydaların iqtisadi yükünü yalnız sahibkarın və nəticədə vətəndaşın üzərinə qoymaq düzgün dövlət siyasəti hesab oluna bilməz.

KONKRET.az-ın Analitik Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*