Ararat Mirzoyan Azərbaycana uğurlar arzuladı – VİDEObackend

Ararat Mirzoyan Azərbaycana uğurlar arzuladı - VİDEO

“Ermənistan hökuməti sülh, təhlükəsizlik, sabitlik və əməkdaşlıq kimi arzu olunan məqsədlərə nail olmaq üçün səylərini davam etdirmək niyyətindədir. Daimi və səmimi dialoq, ticarət-iqtisadi əlaqələrin canlandırılması, o cümlədən regional təşəbbüs və layihələrdə inklüzivliyin təmin edilməsi daha yaxşı əməkdaşlığa, ölkələrimizin inkişafı və çiçəklənməsinə nail olmaq üçün ən mühüm ilkin şərtlərdir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 49-cu iclasında çıxışında deyib.

Onun sözlərinə görə. kövrək geosiyasi vəziyyət fonunda Ermənistanın enerji, nəqliyyat və ticarət kimi müxtəlif sahələrdə daha yaxşı iqtisadi əlaqələrə aparan yolları müəyyənləşdirməyə həmişəkindən daha çox ehtiyacı var:

“Bundan əlavə, mədəniyyətlərarası əlaqələri və insanlar arasında mübadilələri gücləndirməliyik”.

O, qeyd edib ki, regional dialoqun qarşılıqlı faydalı əməkdaşlığın əsası olduğuna dair güclü inam əsasında Ermənistan hökuməti “Yol kəsişməsi” təşəbbüsünü irəli sürüb:

“Regional infrastrukturdan inklüzivlik və bərabər istifadəni, bütün maraqlı tərəflər üçün firavan gələcək qurmaq vizyonunu rəhbər tutan bu layihə kommunikasiyaları qarşılıqlı inkişaf etdirmək məqsədi daşıyır.

Çox güman ki, yaxın qonşumuzda bu məsələ ilə bağlı son müzakirələrdən xəbərdarsınız: Türkiyə ilə biz Gümrü-Qars dəmir yolu xətti ilə sərhədi keçmək üçün texniki tələblərin birgə qiymətləndirilməsi barədə artıq razılığa gəlmişik.

Azərbaycana dəmir yolu infrastrukturumuzun yenidən işə salınması, sərhəd nəzarətinin və gömrük prosedurlarının sadələşdirilməsi, həmçinin əlavə təhlükəsizlik mexanizmlərinin təmin edilməsi mexanizmləri ilə bağlı təklif göndərmişik”.

Mirzoyanın fikrincə, qarşılıqlı etimadın qurulmasına və sülhün əsası kimi əlaqəni potensial olaraq təkmilləşdirməyə diqqət yetirməklə, “Yol kəsişməsi” layihəsi bir çox cəbhələrdə regional əməkdaşlığı gücləndirmək potensialına malikdir:

“O, Fars körfəzi, Qara və Xəzər dənizlərini effektiv şəkildə birləşdirə bilər və bununla da regionumuzun qlobal nəqliyyat şəbəkələrinə inteqrasiyasını əhəmiyyətli dərəcədə asanlaşdırar və regionumuzun bütün ölkələri üçün böyük faydalar gətirər. Layihə artıq çoxsaylı beynəlxalq tərəfdaşlardan müsbət rəy alıb və biz onun həyata keçirilməsi üçün gələcək dəstəyi birləşdirmək üçün səylərimizi davam etdirəcəyik”.

Nazir vurğulayıb ki, açıq sərhədlər və maneəsiz, azad və əhatəli regional iqtisadi əməkdaşlıq bu Təşkilatın əsas məqsədləridir:

“Ermənistan Qara dəniz regionunda və onun hüdudlarından kənarda sülh və sabitliyi təşviq etmək üçün QDİƏT çərçivəsində konstruktiv və səmərəli əməkdaşlığa sadiqdir.

Gələcək sədr kimi Azərbaycana uğurlar arzulayırıq”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*