Aşağı qiymət, yoxsa yüksək risk? – Yumurta alıcılarına MÜHÜM TÖVSİYƏbackend

Aşağı qiymət, yoxsa yüksək risk? - Yumurta alıcılarına MÜHÜM TÖVSİYƏ

Son günlər sosial şəbəkələrdə ucuz qiymətə satılan yumurtaların sağlamlıq üçün təhlükəli olması ilə bağlı müxtəlif iddialar yayılır.

Bəs həqiqətən də aşağı qiymət məhsulun keyfiyyətsiz və ya təhlükəli olması deməkdir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan qida məsələləri üzrə ekspert İlkin Şirinov bildirib ki, yumurtanın ucuz satılmasının bir neçə səbəbi ola bilər. Bu, hər zaman məhsulun keyfiyyətsiz olduğu anlamına gəlmir.

Turşudan zəhərlənmə təhlükəsi - Nələrə diqqət etməliyik? - AÇIQLAMA

Ekspertin sözlərinə görə, yay aylarında havaların istiləşməsi ilə əlaqədar yumurtaların saxlanma şəraiti xüsusi əhəmiyyət kəsb edir. Bu məhsulların anbarlarda xüsusi soyutma sistemləri ilə qorunması əlavə xərc tələb edir:

“Bəzi hallarda şirkətlər əlavə saxlanma xərclərindən yayınmaq və ya məhsulu daha tez realizə etmək məqsədilə qiymət endirimlərinə gedirlər. Bu zaman bazarda kəskin ucuzlaşma müşahidə oluna bilər.
Şirkətlər bazar payını artırmaq və daha çox alıcı cəlb etmək üçün müxtəlif qiymət siyasəti həyata keçirə bilirlər. Eyni zamanda, dövlət tərəfindən verilən subsidiyalar və güzəştlər də məhsulun daha münasib qiymətə satışına imkan yaradır”.

Bununla yanaşı, ekspert istehlakçıları ehtiyatlı olmağa çağırıb. Onun sözlərinə görə, bəzi hallarda yararlılıq müddəti bitmək üzrə olan, markalanmayan və ya mənşəyi bilinməyən məhsullar da aşağı qiymətlə satışa çıxarılır.

“İstehlakçılar üzərində istehsalçı məlumatları, markalanma nişanları və yararlılıq müddəti göstərilən məhsullara üstünlük verməlidirlər. Məhsulun hansı şirkətə məxsus olduğunu bilmək vacibdir. Ucuz məhsul hər zaman keyfiyyətli məhsul demək deyil”, – deyə ekspert vurğulayıb.

O, əlavə edib ki, alıcılar yalnız qiymətə deyil, məhsulun təhlükəsizliyinə və keyfiyyətinə də diqqət yetirməlidirlər:

“Məsələn, bir yumurta 3 qəpiyə təklif oluna bilər. Lakin alınan 30 ədəd yumurtadan bir neçəsi xarab çıxarsa, faktiki maya dəyəri daha yüksək olur. Bu baxımdan keyfiyyətli və təhlükəsiz məhsul seçmək daha məqsədəuyğundur”.

Ekspertin fikrincə, yumurta alarkən məhsulun mənşəyi, saxlanma şəraiti və yararlılıq müddəti mütləq yoxlanılmalı, yalnız təhlükəsizliyinə əmin olunduqdan sonra istifadə edilməlidir. Beləliklə, ucuz yumurta avtomatik olaraq sağlamlıq üçün risk demək olmasa da, istehlakçılar seçim zamanı diqqətli davranmalıdırlar.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*