“Ata Abdullayev hədə-qorxu ilə məndən 15 min manat istədi” – Zərərçəkmiş İFADƏSİbackend

“Ata Abdullayev hədə-qorxu ilə məndən 15 min manat istədi” - Zərərçəkmiş İFADƏSİ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

KONKRET.az xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Elçin Əliyev dindirilib.

O bildirib ki, A.Abdullayev sosial şəbəkələrdə onun haqqında yalan və əsassız rüsvayedici məlumatlar paylaşıb: “Yanvar ayının sonu idi, mənə dedilər ki, iki nəfər gəlib çəkiliş aparıb. Növbəti gün maşında oturub həmin şəxsləri gözlədim. Onlar yenidən gələndə çəkilişin hansı səbəbdən apardıqlarını soruşdum. Ata Abdullayev mənə söylədi ki, guya əlində faktlar var, qanunsuz tikinti işləri aparmışam. Həmçinin həmin ərazidə ağacları qanunsuz olaraq çıxarmışam. Qeyd etdi ki, ya 15 min manat verməliyəm, ya da bu faktları sosial şəbəkələrdə paylaşıb məni biabır edəcək. Fevralın 3-də Ata Abdullayev yenə zəng etdi. Bildirdi ki, ərazidə çəkiliş edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də 2 nəfər nümayəndə gətirib. O, videonu silmək üçün yenə məndən 15 min manat pul tələb etdi”.

Təqsirləndirilən şəxs isə zərərçəkmişi tanımadığını və ona qarşı səsləndirdiyi ittihamlarla razılaşmadığını deyib.

Daha sonra digər zərərçəkmiş Cəmil Babayev dindirilib. O söyləyib ki, A.Abdullayev onu ağacları kəsməkdə ittiham edərək pul tələb edib: “Axşam saatlarında güclü külək Yasamal rayonu ərazisində yerləşən obyektimin qarşındakı ağacı avtomobilin üzərinə aşırmışdı. Aidiyyəti qurumlara zəng etdim, gəlib ağacı kəsib apardılar. Bu zaman ora gələn Ata Abdullayev əlində telefon canlı yayıma çıxdı, mənim haqqımda yersiz ittihamlar səsləndirdi. Guya aşmış ağacı mən kəsmişəm. Daha sonra o, məndən 7 min manat pul istədi. Dedi ki, yalnız belə olan halda videonu paylaşmayacaq. Ata Abdullayev orada 2 dəfə çəkiliş edib, lakin onu ərazidə bir dəfə görmüşəm”.

Təqsirləndirilən şəxs isə ona qarşı səsləndirilən fikirlərlə razılaşmadığını bildirib.

Məhkəmənin növbəti iclası noyabrın 2-nə təyin edilib.

Qeyd edək ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb və barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

İttihama əsasən, A.Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib. Belə ki, o, Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və “Formula-1” yarışlarıyla bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edərək, ondan 10 min manat istəyib. Son nəticədə 2400 manatlıq “iPhone 11 Pro Max” telefonu alıb.

Bundan başqa, A.Abdullayev Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6 000 pul istəyib. O, Masazırda məişət tullantılarının vaxtında daşınmamasıyla bağlı video yaymaqla hədələyib.

Həmçinin o, aşmış ağacı videoya çəkərək, sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan da pul tələb edib.

A.Abdullayev Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15 000 manat pul tələb edib.

Bununla əlaqədar ona CM-in 182.2.2 (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələrilə ittiham verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*