Azərbaycanda ata adı rəsmi sənədlərdən tutmuş gündəlik müraciətlərə qədər kimliyin vacib hissəsi hesab olunur. Amma qloballaşan dünyada bəziləri düşünür ki, ata adı artıq köhnəlmiş ənənədir və gənc nəsil üçün yersiz yükdür.
Mövzu ilə bağlı KONKRET.az-a danışan filologiya üzrə fəlsəfə doktoru, AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, dosent Təranə Şükürlü bildirib ki, antroponimlərin (adların) dildə müxtəlif formaları mövcuddur.
“Ata adının istifadəsi məqsədəuyğundur və bir sıra funksiyaları yerinə yetirir. Ata adı insanın hansı ailəyə, nəslə mənsubluğunu göstərir, onun sosial münasibətlərini və qohumluq əlaqələrini aydınlaşdırır. Bu, həm də dildə nəzakətlilik kateqoriyasına, etik normaya riayət etməyin göstəricisidir. Eyni ada və soyada malik şəxsləri fərqləndirməyə kömək edir. Ata adı ailənin sosial funksiyasını və şəxsiyyətini dəqiqləşdirir.”
Təranə Şükürlünün fikrincə, ata adının qorunub saxlanılması milli kimliyin mühüm elementidir və yalnız ənənə yox, həm də sosial-mədəni zərurətdir.
Aynurə İsmayıl
KONKRET.az