“İstər avtomobilə sonradan quraşdırılan led lampalar, istərsə də zavod istehsalı olan bu cür müasir işıqlandırma sistemi qaydaların pozulması deməkdir. İnzibati Xətalar Məcəlləsində bunun üçün cəza tədbiri nəzərdə tutulub və cəriməsi var. Əsasən, stasionar postlarda bu kimi sürücülərlə bağlı tədbirlər görülür. Bu qayda pozuntusudur və qayda pozuntusu olan sürücünü Yol Patrul Xidməti əməkdaşı istənilən qədər saxlada, ona cərimə tətbiq edə bilər və etməlidir”.
KONKRET.az xəbər verir ki, bu sözləri pravda.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyib.
Ekspert bildirib ki, led işıqlandırma kifayət qədər qəzaların yaranmasına, insanlarda narahatlığa səbəb olur: “Sürücülər gündüz vaxtı duman olmadığı halda duman işıqlarını yandırırlar. Həmçinin istər uzaq, istərsə də yaxın işıqlara güclü lampalar qoşurlar. Bu, qarşıdan gələn sürücüyə mənfi təsir göstərir, həm də görmə məhdudiyyəti, gərginlik, qəza şəraiti yaradır. Bütün bunların hamısına qarşı polis vaxtaşırı tədbirlər, reydlər keçirir”.