AY Partiya Başqanı aktiv ictimai-siyasi fəaliyyətlə məşğul olan xanımlarla GÖRÜŞDÜ – FOTOLARbackend

AY Partiya Başqanı aktiv ictimai-siyasi fəaliyyətlə məşğul olan xanımlarla GÖRÜŞDÜ - FOTOLAR

Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli 8 Mart – Beynəxalq Qadınlar günü ilə əlaqədar müxtəlif sahələrdə özünü təsdiqləyən, aktiv ictimai-siyasi fəaliyyətlə məşğul olan bir qrup xanımla görüşüb.

KONKRET.az xəbər verir ki, tədbiri açan AY Partiya Başqanının Sosial, qadın və uşaq məsələlər üzrə müavini Sevinc Fədai bildirib ki, istənilən cəmiyyətdə qadınların ictimai-siyasi sahədə aktivlik göstərməsi vacibdir. Ölkənin mərkəzi və yerli idarəçiliyində qadınların sayının çoxluğu daha effektiv nəticələrin əldə olunmasına gətirib çıxarır.

Tədbirdə ölkəmizin müstəqilliyi uğrunda canlarından keçən şəhid qadınlar anılıb.

Yığıncağın aparıcısı, AY Partiya Başqanının Humanitar məsələlər üzrə müavini Nigar Sultanlı çıxışında qadınların istənilən sahədə potensiallarını göstərməsi üçün şərait yaradılmasının vacibliyini vurğulayıb. Onun fikrincə, zərif, iradəli, mübariz qadınlar mütləq uğur əldə edib, özlərini cəmiyyətdə təsdiqləyə bilirlər.

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu çıxış edərək bildirib ki, Allah özündən sonra qadına varlıq yaratmaq imkanı tanıyıb. O, Türk Dünyasında qadınlarla bağlı milli günlərin qeyd olunmasını istədiyini xatırladaraq, qadının böyük güc olduğunu vurğulayıb. Novella Cəfəroğlu əlavə edib ki, qadınların sayının daha çox olduğu istənilən siyasi-ictimai qurumun gücü də çox olur: “AY Partiya Başqanı Anar Əsədlinin fəaliyyətini təqdir edirəm ki, rəhbəri olduğu qurumda belə intellektli xanımları bir araya gətirə bilib”.

O, qadınlara özlərini yerli idarəetmədə sınamağı, oradan mərkəzi idarəetmə sisteminə keçidi tövsiyə edib.

Paralimpiyaçı idmançımız, cüdo üzrə dəfələrlə dünya və Avropa çempionu olmuş Aynur Məmmədova uğurlu həyat hekayəsindən danışıb, ona bu yolda ən böyük dəstəyi anasının verdiyini deyib. Aynur Məmmədova istənilən hədəfə çatmaq üçün əzmli, iradəli olmağın vacibliyinə diqqət çəkib.

Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraətçi Məleykə Alıqızı təkcə qadınların yox, ümumilikdə insanlarının intellektinin yüksək olduğu cəmiyyətlərin daha çox inkişaf etdiyini vurğulayıb. Ahmet Kutsi Tecerin “O yol bizim yolumuzdur” şeirini səsləndirən Məleykə Alıqızı bildirib ki, dünyada demokratiya, azad ruhdan daha gözəl heç nə yoxdur: “Qadının gücü onun zərifliyindədir”.

Psixoloq Əfsanə Rüstəmova qeyd edib ki, o, əslində kişiniin daha üstün olduğunu qəbul edir: “Qadınlar bu gerçəkliyi qəbul etməklə əslində özlərinin üstün olduğunu cəmiyyətdə qəbul etdirə bilərlər. Münasibətlərdə heç vaxt qarşıdakının cinsi diqqətə alınmamalı, insan olduğu önəmsənməlidir. Mən qadınlara məcburiyyətdən yox, istədikləri üçün güclü olmağı arzulayıram”.

Tanınmış jurnalist, AY Partiyanın qurucu üzvlərindən olan Aygün Muradxanlı mübarizənin qadına güc verdiyini, özünü cəmiyyətdə qəbul etdirdiyini deyib: “Azad, mübariz anaların övladları da müstəqil böyüyür, yetirşir və cəmiyyətə faydalı vətəndaş olur. Mən burada Ukrayna qadınlarını da xatırlamaq istəyirəm. Hazırda onlar dünyada əzm simvoluna çevriliblər”.

Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli bölməsinin sədri Səadət Bənənyarlı 8 martın həm də qadınların həmrəyliyi günü olduğunu bildirərək, əlavə edib ki, ailənin, evin qayğılarını, yükünü adətən qadınlar çəkir: “Qadınlara tövsiyəm odur ki, güclü olsunlar, özlərini və kişiləri cəmiyyətdə tanıtsınlar”.

Filologiya üzrə fəlsəfə doktoru Aynur Qəzənfərqızı qadınların cəmiyyətdəki rolunun önəminə diqqət çəkib: “Tarixən böyük dövlət xadimlərimiz, sərkərdələrimiz qadınlarına böyük önəm veriblər, hər zaman qadınlara idarəçilikdə yer veriblər. Mən o qədər azad ruhlu insanam ki, indiyədək özümü heç bir partiyada görməmişəm. Amma aktiv siyasətlə məşğul olsam, seçimim əlbəttə AY Partiya olacaq”.

AY Partiya Qadınlar qolunun rəhbəri Mətanət Həsənova bildirib ki, qadınların bəzi məhdudliyyətlərlə üzləşməsi toplumun özgüvəni olmayan kişilər yetişdirməsindən qaynaqlanır: “Ona görə cəmiyyət üçün özgüvəni olan fərdlər yetişdirmək şərtdir”.

Tədbirdə yekun çıxış edən AY Partiya Başqanı Anar Əsədli bütün xanımları bayram münasibətilə təbrik edərək, deyib ki, tarixdə Türk xanları, dövlət böyükləri, sərkərdələri qadınlarına güvəniblər, savaşa onlarla birgə qatılıblar, dövlət idarəçilyində qadınların ədalətinə güvəniblər: “Bu gün də qadınlarımızın ictimai-siyasi həyatda aktivliyini artırmaq cəmiyyətin aktivliyini artırmaqla nəticələnəcək. Bizim ən çox ehtiyacımız olan insanların ictimai-siyasi proseslərə diqqətinin artırılmasıdır. Buna nail olmaq üçün də ciddi işlər görürük”.

Vətən müharibəsinin əfsanəyə dönən qəhrəmanlarından şəhid Cəbrayıl Dövlətzadənin anası Məleykə Dövlətzadə, Xətai rayon bələdiyyəsinin üzvü, ictimai fəal Səbinə Abdullayeva, filologiya üzrə fəlsəfə doktorları Nəzakət Qazi, Qətibə Mahmudova, Zəminə Ziyayeva, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının direktoru Dilarə Əfəndiyeva, jurnalistlər Rumiyyə Miraslan, Günay İlqarqızı, həkim Sevinc Bağırova, müəllim Günay Cəfərova, gənc yazar İlahə Səfərzadə, tibb bacısı, ictimai fəal Aybəniz Səfərova, Həcər Ağazadə və AY Partiya rəhbərliyində təmsil olunan xanımların qatıldığı tədbirdə xatirə şəkilləri çəkilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*