Ayaz Mütəllibovun və Elçibəyin Baş naziri Rəhim Hüseynov kimdir? – DOSYEbackend

Ayaz Mütəllibovun və Elçibəyin Baş naziri Rəhim Hüseynov kimdir? - DOSYE

Azərbaycanın keçmiş Baş naziri Rəhim Hüseynov vəfat edib.

KONKRET.az müsavat.com-a istinadən Azərbaycan Respublikasının 2-ci Baş naziri Rəhim Hüseynovun dosyesini təqdim edir:

Rəhim Əlihüseyn oğlu Hüseynov 1936-cı il aprelin 5-də Bakı şəhərində ziyalı ailədə doğulub və boya-başa çatıb. 1943-cü ildə Lənkəran şəhərində birinci sinfə daxil olub, 1953-cü ildə isə Bakı şəhərində orta məktəbi müvəffəqiyyətlə bitirib.

Daha sonra o, təhsilini davam etdirmək üçün Moskvaya gedib. 1953-cü ildə Moskva Polad İnstitutuna daxil olub. 1959-cu ildə Moskva Polad İnstitutunu metallurq-mühəndis kimi bitirən Rəhim Hüseynov vətənə qayıdaraq Azərbaycan Boru-Prokat zavodunda əmək fəaliyyətinə başlayıb. 1959–1962-ci illərdə bu zavodda əvvəl usta köməkçisi, sonralar isə boru-prokat sexində usta, sexin baş texnoloqu, rəisi vəzifələrində çalışıb.

O, 1962–1965-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsində baş mütəxəssis, şöbə rəisi vəzifələrində işləyib.

1965–1974-cü illərdə Azərbaycan SSR Nazirlər Soveti Baş Maddi-Texniki Təchizat İdarəsi rəisinin müavini, 1974–1978-ci illərdə bu idarənin rəisi, 1978–1989-cu illərdə isə Respublika Dövlət Maddi-Texniki Təchizat Komitəsinin sədri vəzifələrində çalışıb.

1989–1992-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsinin sədri və Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olub.

Baş nazir seçilməsi

1992-ci il mayın 14-də Ali Sovetin sessiyası çağırılıb. Bu sessiyada Xocalı faciəsi üzrə komissiyanın qərarı elan olunub, Ayaz Mütəllibov prezidentliyə qaytarılıb və təklif edilib ki, bu sessiyada Baş nazir də seçilsin. Həmin vaxt Respublikanın tanınmış iqtisadçısı kimi Rəhim Hüseynovun namizədliyi irəli sürülüb. Rəhim Hüseynov Azərbaycan Respublikasının Baş naziri seçilib.

O, 1992-ci ilin mayından 1993-cü ilin yanvar ayına kimi Azərbaycanın baş naziri vəzifəsində çalışıb.

AXC hakimiyyəti dövründə könüllü olaraq baş nazir vəzifəsindən gedib.

Alimlər və Mühəndislər Birliyinin sədri

1990-cı ildə yaranan ictimai təşkilatlardan biri də Azərbaycan Alimlər və Mühəndislər Birliyi idi. Rəhim Hüseynov həmin birliyə yarandığı gündən indiyə kimi sədrlik edib. 1994-cü ildə isə Beynəlxalq “Xəzər” fondu təşkil olunub. Onun təsis konfransında Rəhim Hüseynov yekdilliklə fondun prezidenti seçilib və ona başçılıq edib. Eyni zamanda o, 1994-cü ildən indiyə kimi Beynəlxalq Alimlər və Mühəndislər Birliyinin vitse-prezidenti idi.

Mükafatları

Rəhim Hüseynov Azərbaycan SSR Ali Sovetinin sessiyalarının, Azərbaycan KP qurultaylarının, MK plenumlarının nümayəndəsi olub. O, “Qırmızı Əmək Bayrağı”, “Xalqlar dostluğu”, “Şərəf nişanı” ordenləri və bir sıra medallarla təltif olunub.

Rəhim Hüseynov dünən, 2023-cü il noyabrın 12-də vəfat edib. O, “Qurd qapısı” qəbiristanlığında, həyat yoldaşının məzarının yanında dəfn olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*