“Ayda bir dəfə mənə imza atdırıb 200 manat verirdi” – Müslümov “işi”backend

“Ayda bir dəfə mənə imza atdırıb 200 manat verirdi” – Müslümov “işi”

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun məhkəmə prosesi keçirilib.

KONKRET.az xəbər verir ki, prosesdə şahidlər dindirilib.  İfadə verən şahid Əzizə Baxşıyeva bildirib ki, əczaçılıq şirkətində işləyir.

“2013-cü ildən Avromed şirkətində işləmişəm. 2015-2020-ci illərdə şirkətdə direktor olmuşam. Mənə bildirdilər ki, hansısa tibb mərkəzinə məhsul satılıb. Heç bir müəssisə ilə saxta əməliyyat aparılmayıb. Mən heç bir müəssisə ilə saxta iş görməmişəm”.

Ə. Baxşıyevanın ifadəsində bildirib ki, Avromeddə işlədiyi dövrdə 1000-dən artıq müqavilə bağlayıb: “22 min 500 manat dəyərində sarğı və dərman ləvazimatları satıb. Həmin məbləğin 4765 manatı nazirliyə geri qaytarılıb”.

Digər şahid Təranə Hüseynova isə bildirib ki, dərman şirkətində işləyib. “Nazirliklə 118 min manatlıq müqavilə bağlamışıq”.

Şahid  Eldar Əliyev isə deyib ki, təsərrüfat işləri ilə məşğuldur:

“Məlikhəsən adlı şəxs mənə dedi ki, səni işə düzəldim. Mən də razılaşdım. Ayda bir dəfə mənə imza atdırıb 200 manat verirdi. Oxumaq və yazmaq qabiliyyətim olmadığı üçün nəyə imza atdığımı bilmirəm. Sonradan bildim ki, mənim adıma İnstal Servis şirkəti açıb.

Bir-iki il mənə ayda 200 manat maaş verdilər. Sonradan dedilər ki, şirkət bağlanıb, maaş vermədilər”.

Aqil Quliyev isə deyib ki, dərman şirkətində işləyib: “Mən 2014-cü ildə Riyad Farm şirkətində işləyirdim. Həmin vaxt nazirliklə müqavilə bağladıq ki, onlara dərman sarğı materialları verək dedilər ki, biz böyük məbləğdə dərman perepatları alacağıq. Dedik ki, biz sizə aldığınız malın qiymətinin 20 faizini güzəşt edirik. Bu minvalla biz nazirliklə işlədik. Bir müddət sonra bizim şirkət bunlarla üzləşmə arayışı keçirəndə nazirlik qaçdı, sənədləşmədən yayındı”.

Prosesdə Aqil Quliyevin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. İfadədə bildirilir ki, “Riadfarm” şirkəti ilə nazirlik arasında  ümumilikdə 287 min 969 manatlıq dərman preparatları barədə müqavilə imzalanıb, mal verilib. Həmin müqavilədə göstərilən məbləğ şirkətin balansına köçürüləndən sonra məbləğin 61 min 10 manatı nazirliyinin iqtisadiyyat şöbəsinin sektor müdiri Dəyanət Fərəcova qaytarılıb.

Şahid Atabala Bağırov isə deyib ki, əvvəllər işsiz olub: “Kəndçimiz Eldar adlı şəxs dedi ki, gəl sənin adını şirkətə yazdırım, ayda 200 manat verək. Dedim yaxşı. Elə ayda bir dəfə qol çəkdirib 200 manat verirdilər. 2015-ci ildə dedilər ki, şirkət bağlandı. Bilmirdim nə işidir, 200 manatı alıb dua edirdim. Sonradan dedilər ki, mənim adıma şirkət açıblar, mən də direktor olmuşam”.

Qeyd edək ki, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 2021-ci ilin  fevral ayında Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən saxlanılmışdı. S.Müslümov Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvətalma), 313 (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*