Azər Həsrət: “Təəssüf ki, qardaş Türkiyə bu cür davranışla İranın yanında yer almış oldu…”backend

Azər Həsrət: “Təəssüf ki, qardaş Türkiyə bu cür davranışla İranın yanında yer almış oldu...”

“Təəssüflər olsun, həftələrlə apardığımız izahat işinə baxmayaraq qardaş Türkiyədə bəlli mərkəzlər Azərbaycanı İran ağzı ilə tənqid və təhqir etməyə davam edir. Mən bir neçə video çəkərək türk dilində paylaşımlar etmişəm. Bundan başqa sosial media hesablarım üzərində Türkiyə türkcəsində paylaşımlar edərək məsələni izah etdim. Kifayət qədər də ajiotaj yaradıb, diqqət görüb. Altında yazılan şərhlərə baxanda görürəm ki, bizim nə deməyimizdən asılı olmayaraq biriləri Azərbaycanı söyməyə, təhqir etməyə davam edib”.

KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Əməkdar jurnalist, siyasi şərhçi Azər Həsrət deyib.

O bildirib: “Bütün bunlara əlbəttə anlayışla yanaşaraq düşünərdik ki, müəyyən zərərli mərkəzlər iki qardaş ölkə arasında nifaq salmaq istəyirlər. Belə bir şəraitdə gözləyərdik ki, qardaş Türkiyənin rəsmiləri çıxıb bir açıqlama versinlər və Azərbaycana yönəlik söyüşləri dayandırsınlar. Amma təəssüflər olsun ki, bu açıqlama uzun müddətdən sonra ala-yarımçıq gəldi. Bir müddət keçməsinə baxmayaraq yenidən Azərbaycana qarşı təhqir kampaniyaları davam etdi. Artıq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral özünün sosial media hesabında Azərbaycan dövlətinə qarşı hədsizlik sayıla biləcək açıqlama verdi. Bununla da göstərmiş oldu ki, əslində Türkiyədən Azərbaycana yönələn təhqir kampaniyalarının arxasında təəssüflə deməliyəm ki, Türkiyə dövlətinin özü və ya bir kəsimi durur. Yəni bunu görmək, eşitmək olduqca ağırdır. Biz qardaşımızdan dəstək gözləyirdik, bizə hörmət gözləyirdik, amma təəssüf ki, qardaş bu cür davranışla İranın yanında yer almış oldu. Halbuki belə məsələlərdə görmüşük ki, İran Azərbaycanı hədəfə alır, söydürür, kampaniyalar aparır. Əlbəttə, qardaş Türkiyənin də bu sırada yer alması çox acı görüntüdür və Türkiyə dövlətinin rəsmiləri bu yolla iki dövlət arasında münasibətlərə, özəlliklə də türklüyümüzə nə qədər böyük zərbə vurduqlarının fərqinə varmalıdırlar. Əks təqdirdə elə yara açmış olacaqlar ki, o yaranın açılması uzun illər alacaq. Atatürk Türkiyəsi bu günə düşməməli idi. Dinçi zehniyyətin əsirinə çevrilməməli idi. Azərbaycan müstəqil dövlətdir və verdiyi qərarlarda da müstəqildir. Necə ki, biz Türkiyənin içində heç nəyə qarışmırıq, istərdik ki, qardaş Türkiyə dövləti də bizim dövlətimizin içində bu cür məsələlərə müdaxilə etməsin. Bizim bütün çağırışlarımız bu yöndə olub bu gün də bu çağırışı yeniləyirik. Ancaq təəssüflər olsun ki, görünür ki, çağırışlarımız uyğun şəkildə dəyərləndirilmir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*