Ötən il Azərbaycan aviaşirkətləri xaricə dəyəri 145 milyon manatdan çox olan 4 təyyarə satıb.
“KONKRET.az”ın araşdırmasına görə, ““Silk Vey Group”a aid olan “Silk Vey Vest Aviaşirkəti” 2024-ci ildə ABŞ-nin Atlas Air şirkətinə 2 ədəd Boeing 747-400F təyyarəsini satıb. Müvafiq əməliyyatlar ötən ilin fevral və aprel aylarında baş tutub.
“ASG Business Aviation” şirkəti isə ötən ilin iyun ayında bir ədəd Airbus A320neo ACJ, avqustda isə bir ədəd ATR 42 təyyrəsi satıb. “Airbus”un alıcısı məlum olmasa da, “ATR 42”-nin “Libyan Express” hava yollarına satıldığı məlum olub.
Təyyarələrin satışını sözügedən şirkətlərlə bağlı ixrac statistikası da sübut edir. Belə ki, ötən ilin yanvar-noyabr aylarında qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ikinci və üçüncü yerlərdə “Silk Vey Vest Aviaşirkəti” MMC və “ASG Business Aviation” MMC qərarlaşıblar. Məlumata görə, bu şirkətlər 75.6 və 70 milyon dollar dəyərində məhsul ixrac ediblər. Halbuki, 2023-cü ildə bu rəqəm müvafiq olaraq 697 min və 17 min manat təşkil edib.
Qeyd edək ki, “Silk Vey Vest Aviaşirkəti”nin əsas fəaliyyəti hava nəqliyyatı ilə yükdaşımalarının həyata keçirilməsidir. “ASG Business Aviation” isə biznes uçuşları sahəsində ixtisaslaşıb./yenisabah