“Azərbaycanın Avropa Şurasından (AŞ) çıxacağını gözləmirəm. Əksinə, ölkəmizlə qurum arasında ciddi münasibətlərin qurulacağını, dialoq və danışıqların intensivləşəcəyini düşünürəm”.
KONKRET.az-a açıqlamasında bu sözləri REAL partiyasının icra katibi Natiq Cəfərli deyib.
Azərbaycanın Avropa Şurasına üzv olarkən üzərinə bəlli öhdəliklər götürdüyünü xatırladan siyasətçi dünyada ən vacib tədbirlərdən biri hesab olunan COP29-a ev sahibliyi edən ərəfədə Azərbaycanın AŞ-dən çıxacağına inanmadığını deyib:
“Əvvəla, bu addım ölkəmizə qarşı yönələn tənqidləri daha da artıra bilər, ikincisi, Azərbaycanın Avropa Şurasında olması ölkəmizə qarşı yönələ biləcək digər problemlərin də qarşısının alınması üçün imkanlar və fürsətlər yaradır”.
REAL-ın icra katibi qeyd edib ki, Azərbaycana qarşı Avropa Şurasının atdığı addımlarda insan hüquqları, media azadlığı ilə bağlı rasional tənqidlər də var və ölkəmiz bu problemləri həll etməlidir:
“Amma bu tənqidlərin fonunda Azərbaycana qarşı çox haqsız, yeriz, mənasız iddialar da var. Əsasən də ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə bağlı AŞ-dən səsləndirilən iddialar tamamilə absurddur. Çünki AŞ-yə daxil olan Avropa ölkələrinin böyük əksəriyyəti hazırda ərazi bütövlüyünü təmin etmək üçün Ukraynaya hər cür yardım göstərir və bu, doğru hərəkətdir. Eyni məntiqlə yanaşsaq, Azərbaycan da öz ərazi bütövlüyünü təmin etmək üçün çalışırdı. Odur ki, AŞPA-nın ölkəmizə qarşı hansısa uydurma iddialarla çıxış etməsi tamamilə yersiz idi”.
Siyasətçi hesab edir ki, rəsmi Bakı məhz bu səbəbdən “haqsızlıqlar dayandırılmasa, Azərbaycan bu addımı ata bilər” xəbərdarlığını səsləndirib:
“Paralel olaraq onu da görürük ki, Azərbaycana dost olan Avropa ölkələri bu ədalətsizliyə son qoyulması üçün Avropa Şurasına məktublar göndərir. Düşünürəm ki, hətta bu istiqamətdə müəyyən danışıqlar da gedir. Bu danışıqların nəticəsində Azərbaycanın AŞ-də iştirakının bərpa olunması ilə bağlı bu il hansısa qərarlar qəbul edilə bilər”.
N.Cəfərli onu da vurğulayıb ki, bu il ərzində Azərbaycanla Ermənistan arasında müəyyən sənədlərin imzalanması da mümkündür.
“Əgər iki ölkə arasında ümumi razılıq əldə olunacaqsa, AŞ hansı iradı bildirə bilər? Tərəflər anlaşarsa, AŞ hansı iradı bildirəcək? Deyəcək ki, anlaşmayın? Bu nöqteyi-nəzərdən də fürsətlər pəncərəsi var”.
Xatırladaq ki, Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən Prezident İlham Əliyev “əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə baxa bilərik” xəbərdarlığını qonaqların diqqətinə çatdırıb.
Xatirə SADİQ,
KONKRET.az