“Azərbaycan daxili qərarlarını özü verir” – Türkiyədəki müzakirələrə REAKSİYAbackend

"Azərbaycan daxili qərarlarını özü verir” – Türkiyədəki müzakirələrə REAKSİYA

Dünyəvilik Azərbaycanın dövlətçilik prinsiplərinin əsasını təşkil edən mühüm dəyərlərdən biridir. Ölkəmizdə din və dövlət münasibətləri Konstitusiya ilə tənzimlənir, hər kəsin vicdan və etiqad azadlığı təmin olunur. Bu yanaşma müxtəlif dini inanclara hörmətin, tolerantlığın və cəmiyyətdə birgəyaşayış ənənələrinin qorunmasına xidmət edir. Lakin bəzi xarici qüvvələr son günlər vahid məktəbli forması qərarı fonunda Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparmağa və təxribat xarakterli çıxışlar etməyə başlayıblar. Ona görə də, dövlət tərəfindən dövlətçilik prinsiplərini qorumaq üçün müvafiq addımlar atılır. Bəs dünyəvi dövlət prinsipinin qorunması nə üçün vacibdir və bu prinsipə münasibətdə hansı məqamlar nəzərə alınmalıdır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Züriyyə Qarayeva bildirib ki, Azərbaycan dünyəvi dövlətdir və bu prinsip ölkəmizin Konstitusiyasında açıq şəkildə təsbit olunub:

ABŞ və Rusiya danışıqlarda üstün tərəf olduqlarını göstərməyə çalışırlar”- Züriyyə  Qarayeva | news365.az

“Azərbaycanda din dövlətdən ayrıdır, hər kəsin vicdan və etiqad azadlığına hörmət edilir. Ölkəmizdə müxtəlif dinlərin nümayəndələri uzun illərdir sülh və qarşılıqlı hörmət şəraitində yaşayırlar. Bizim üçün dünyəvilik dinə qarşı çıxmaq deyil, əksinə, bütün dinlərə eyni məsafədən yanaşmaq, heç bir dini baxışın digərlərindən üstün tutulmasına imkan verməməkdir. Ona görə də Azərbaycanın öz qanunlarına uyğun qəbul etdiyi qərarların xaricdən ideoloji təzyiq vasitəsinə çevrilməsi düzgün yanaşma deyil. Hər bir dövlətin öz konstitusion quruluşunu və ictimai nizamını qorumaq hüququ var”.

Politoloqun sözlərinə görə, burada Türkiyənin öz tarixi təcrübəsini də xatırlatmaq yerinə düşər:

“2016-cı il iyulun 15-də baş verən dövlət çevrilişinə cəhd Türkiyə cəmiyyətinə çox ağır hadisələr yaşatdı. Türkiyə hakimiyyəti həmin hadisələrə görə FETÖ təşkilatını məsul hesab edir. Bu hadisə bir daha göstərdi ki, dini şüarlardan istifadə edən təşkilatlanmış strukturların dövlət idarəçiliyinə nüfuz etməsi ciddi təhlükəsizlik problemləri yarada bilər. Əlbəttə, dini etiqadla dinin siyasi məqsədlər üçün alətə çevrilməsini bir-birindən ayırmaq lazımdır. Azərbaycan da məhz dövlətin dünyəvi xarakterini, təhsil sisteminin prinsiplərini və qanunun aliliyini qorumağa çalışır. Bu məsələlərə dini qarşıdurma kimi yanaşmaq doğru deyil. Məni təəccübləndirən məqamlardan biri də Türkiyədə müəyyən siyasi və media dairələrinin Azərbaycanın daxili məsələlərinə bu qədər sərt münasibət bildirməsidir. Axı Türkiyə özü də dünyəvi dövlətçilik ənənəsinə malik ölkədir və dövlətin təhlükəsizliyi, konstitusion quruluşu məsələlərində nə qədər həssas olduğunu yaxşı bilirik. Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətləri qarşılıqlı hörmətə əsaslanır. Biz Türkiyənin ən çətin günlərində onun yanında olmuşuq və eyni həssaslığı qarşı tərəfdən də gözləməyə haqqımız var. Ayrı-ayrı şəxslərin Azərbaycanın daxili qərarlarını siyasi mübahisə predmetinə çevirməsi iki ölkə arasında süni narazılıq yarada bilər. Hesab edirəm ki, qardaş ölkədə bu mövzuda fikir bildirənlər emosional yanaşmadan uzaq durmalı, Azərbaycanın suverenliyinə və öz qanunları çərçivəsində qərar vermək hüququna hörmət etməlidirlər. Çünki Azərbaycan–Türkiyə qardaşlığı ayrı-ayrı ideoloji qrupların maraqlarından qat-qat üstündür”.

Natiq Səlim
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*