İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti 2,33 ABŞ dolları və ya 2,56 faiz artaraq 93,37 dollar/barelə yüksəlib.
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında qiyməti isə 2,41 dollar və ya 2,74 faiz bahalaşaraq 90,30 dollar/barel təşkil edib.
“URALS” markalı xam neftin qiyməti 3,32 dollar və ya 5,85 faiz artaraq 60,09 dollar/barelə çatıb.
Şimal dənizindən hasil edilən “Dated Brent” markalı neftin qiyməti də 2,32 dollar və ya 2,72 faiz yüksələrək 87,60 dollar/barel olub.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 dollar səviyyəsində nəzərdə tutulub.
“Trading Economics”in məlumatına görə, neftin qiyməti cümə günü 78 dollar/bareli keçərək əvvəlki sessiyada başlayan yüksəlişini davam etdirib.
Bazar iştirakçılarının diqqəti yenidən Hörmüz boğazında yaranan gərginliyə yönəlib. Bölgədə vəziyyətin kəskinləşməsi mühüm dəniz marşrutunun tam fəaliyyətə başlaması ilə bağlı narahatlıqları artırıb.
Məlumata görə, Qeşm adası yaxınlığında partlayışların qeydə alınmasından sonra İran Hörmüz boğazında “düşmən hədəfləri” adlandırdığı obyektlərə zərbələr endirib.
İran və Oman arasında boğazın fəaliyyətinin tənzimlənməsini nəzərdə tutan razılaşma layihəsində Tehranın ABŞ və İsrail gəmilərinin Hörmüz boğazından keçidini qadağan etməyi, düşmən hesab etdiyi ölkələrin gəmilərinə isə keçid üçün əvvəlcədən kompensasiya ödəmək tələbi irəli sürdüyü bildirilir.
İran, həmçinin müəyyən qaydaları pozan gəmilər üçün yükün dəyərinin 20 faizi həcmində cərimə tətbiqini təklif edib. Tehran ABŞ-nin dəniz blokadası aradan qaldırılana qədər boğazın yalnız qismən açıq saxlanılacağını bəyan edib.
Hazırda İran parlamentində müzakirə olunan layihənin kommersiya gəmiçiliyi üçün bazarların gözləntilərindən daha sərt şərtlər nəzərdə tutduğu qeyd olunur.
