Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Bolqarıstan Respublikasına işgüzar səfəri davam edir.
KONKRET.az bildirir ki, səfər çərçivəsində 11 fevral tarixində Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Veliko Tırnovo şəhərində “Şuşa” parkının salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş imzalanıb.
Fevralın 12-də Komitə sədri Anar Quliyev Veliko Tırnovo şəhərinin meri Daniel Dimitrov Panov ilə görüşüb. Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun da iştirak etdiyi görüşdə şəhərsalma və memarlıq sahəsində əməkdaşlıq perspektivləri, tarixi şəhər mühitinin qorunması və müasir ictimai məkanların yaradılması istiqamətində təcrübə mübadiləsi məsələləri müzakirə olunub. Tərəflər qardaşlaşmış şəhərlər institutunun genişləndirilməsi, Azərbaycan və Bolqarıstan şəhərləri arasında birbaşa əlaqələrin gücləndirilməsi və birgə mədəni layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Anar Quliyev cari ilin may ayında keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını (WUF13) qlobal şəhər gündəliyinin müzakirəsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma kimi dəyərləndirərək, həmkarını bu mötəbər tədbirdə iştirak üçün Bakıya dəvət edib.
Görüşdən sonra Komitə sədri Veliko Tırnovo şəhərində salınacaq “Şuşa” parkının ərazisi ilə yerində tanış olub.
“Şuşa” parkı layihəsinin konsepsiyası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi nəzdində fəaliyyət göstərən “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanıb, detallı layihələndirmə işləri isə Komitənin sifarişi əsasında Bolqarıstanın “DAD Studio” LTD şirkəti tərəfindən icra olunub.
Şəhərin mərkəzi hissəsində yerləşən və 1,81 hektar ərazini əhatə edən park şəhər sakinləri və qonaqlar üçün müasir ictimai məkan kimi nəzərdə tutulub. Layihə çərçivəsində funksional zonalaşdırma, piyada zolaqları, istirahət və rekreasiya sahələri, süni su hövzəsi və musiqili fəvvarə planlaşdırılıb. Parkın ərazisində Nizami Gəncəvinin abidəsi, “Şuşa” instalyasiyası, bədii həllində isə xarıbülbül motivləri yer alacaq. Burada yerli iqlim şəraitinə uyğun yaşıllaşdırma və abadlıq işləri görüləcək.
Veliko Tırnovo şəhərində “Şuşa” parkının salınması Azərbaycan ilə Bolqarıstan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə, eləcə də milli-mədəni dəyərlərimizin beynəlxalq müstəvidə təşviqinə xidmət edəcək.
