Azərbaycana qarşı hücumlar niyə başladı? – Türkiyədəki ideoloji meyillər gündəmdəbackend

Azərbaycana qarşı hücumlar niyə başladı? - Türkiyədəki ideoloji meyillər gündəmdə

Azərbaycanın dünyəvi dövlətçilik prinsiplərinə əsaslanan qərarları ətrafında Türkiyənin sosial media məkanında müzakirələr və mübahisələr davam edir. Təəssüf ki, bu müzakirələr fonunda Azərbaycana qarşı informasiya hücumları və səfirliyimiz qarşısında keçirilən aksiyalar da diqqət çəkir. Bəs Türkiyədə “ərəbləşmə” və “mollalaşma” kimi xarakterizə olunan ictimai-ideoloji meyillər hansı təhlükələri yaradır? Azərbaycanın dünyəvi dövlət modelini qorumağa yönəlmiş mövqeyi niyə vacibdir və qardaş ölkədə bu qərara qarşı sərgilənən münasibət necə qiymətləndirilməlidir?

Mövzunu KONKRET.az-a şərh edən fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Şölət Zeynalov bildirib ki, Azərbaycan dünyəvi dövlətdir. Yəni din dövlətdən ayrıdır:

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

“Eyni zamanda, dövlət dini təsisatlara, dini inanclara sahib olan insanlara və vətəndaşlara hörmətlə yanaşmalıdır. Bu, ən yüksək səviyyədə qorunmalı olan prinsiplərdən biridir.

Təəssüf ki, bəzən bu məsələdən sui-istifadə edilir və Azərbaycana qarşı müxtəlif ideoloji təxribatlar həyata keçirilir. Qardaş Türkiyədə Azərbaycana qarşı belə halların baş verməsi bizi ciddi narahat edir. Söhbət Türkiyə mediasında, sosial şəbəkələrdə sıravi vətəndaşlardan tutmuş tanınmış şəxslərədək müxtəlif insanların Azərbaycana qarşı informasiya hücumlarında iştirak etməsindən gedir. Bəzən dini şəxslər də bu prosesə qoşulur.

Bu, qətiyyən yolverilməzdir. Xüsusilə də aksiyalar zamanı dövlət rəsmilərinin və onlara yaxın şəxslərin iştirakı ilə bağlı iddialar narahatlıq doğurur. Azərbaycan dövləti Türkiyədə baş verən hadisələrə heç vaxt müdaxilə etməyib. Əksinə, Azərbaycan tərəfi qardaş ölkəyə münasibətdə hər zaman həssas və dost mövqe nümayiş etdirib. Buna görə də bu gün Türkiyədə Azərbaycana qarşı informasiya hücumlarının və səfirliyimiz qarşısında keçirilən aksiyaların baş verməsi təəssüf doğurur. Bu hadisələr göstərir ki, məsələ təsadüfi xarakter daşımaya bilər. Azərbaycan dünyəvi dövlətdir və tutduğu yol düzgündür. Məhz bu düzgün strategiyanın nəticəsində ölkəmiz böyük uğurlar əldə edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası, antiterror əməliyyatlarının uğurla başa çatdırılması Azərbaycanın gücünü bir daha nümayiş etdirdi. Lakin əldə etdiyimiz uğurları qəbul edə bilməyən, ölkəmizə qarşı müxtəlif təxribatlar həyata keçirməyə çalışan qüvvələr də var. Bu baxımdan, qardaş Türkiyədə Azərbaycana qarşı baş verən hadisələrə münasibət bildirilməsi vacibdir”.

Ekspertin sözlərinə görə, Türkiyənin dövlət rəsmiləri bu məsələyə ciddi yanaşmalı və öz mövqelərini bildirməlidirlər:

“Burada söhbət Azərbaycanın Türkiyənin daxili işlərinə qarışmasından getmir. Əksinə, məqsəd qardaş ölkədə Azərbaycana qarşı yönələn təxribatların qarşısının alınmasına dəstək verilməsidir.

Türkiyə demokratik dövlətdir. Orada ayrı-ayrı şəxslər, müxalifət nümayəndələri və ya radikal qruplar öz mövqelərini ifadə edə bilərlər. Lakin bu azadlıqlardan Azərbaycana qarşı düşmənçilik və təxribat məqsədilə istifadə olunması yolverilməzdir. Dövlət rəsmilərinin belə hallara münasibət bildirməsi mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın daxili işlərinə heç kim müdaxilə edə bilməz. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının qurultayında ideoloji təhlükəsizliklə bağlı səsləndirdiyi fikirlər də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın ideoloji təhlükəsizliyi fiziki təhlükəsizliyi qədər vacibdir.

Çünki ideoloji təxribatlar birbaşa dövlətin təhlükəsizliyinə və cəmiyyətin sabitliyinə yönəlir. Bu gün dünyada, xüsusilə də internet məkanında müxtəlif təhdidlər mövcuddur. Azərbaycana qarşı da müəyyən dairələr tərəfindən belə fəaliyyətlərin həyata keçirildiyi müşahidə olunur. Bununla belə, hesab edirəm ki, Azərbaycan dövləti bu sahədə də öz gücünü və imkanlarını nümayiş etdirəcək”.

Natiq Səlim
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*