Son dövrlər Azərbaycana qarşı səsləndirilən fikirlər və müxtəlif platformalarda aparılan müzakirələr xarici qüvvələrin mümkün təsirini yenidən gündəmə gətirib. Ölkənin milli maraqları, regional mövqeyi və türk dünyası ilə əlaqələri ətrafında baş verən proseslər bu kampaniyaların məqsədləri ilə bağlı suallar yaradır.
Bəs Azərbaycana qarşı yönələn kampaniyaların arxasında hansı qüvvələr dayanır və bu proseslərdə xarici güclərin rolu nə dərəcədədir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Faiq Ələkbərli bildirib ki, Azərbaycana qarşı yönələn kampaniyaların arxasında həm daxili, həm də xarici amillər dayanır və bu iki istiqaməti bir-birindən ayrı təhlil etmək lazımdır.

Onun sözlərinə görə, bəzi xarici qüvvələr Azərbaycandakı müəyyən qruplardan istifadə etməklə ölkəyə qarşı ideoloji təxribatları genişləndirməyə çalışırlar. Politoloq bu kontekstdə İranın siyasi dairələrinin və Ermənistanın mövqeyinə diqqət çəkib.
Faiq Ələkbərli qeyd edib ki, özünü müsəlman ölkəsi kimi təqdim edən bəzi qüvvələrin məzhəbçilik üzərindən Azərbaycana təzyiq göstərməyə çalışması narahatlıq doğurur. Onun fikrincə, İranın Azərbaycana münasibəti və bu ölkədə fəaliyyət göstərən bəzi dairələrin mövqeyi diqqətlə izlənilməlidir.
“Bəzi qüvvələr fürsət gözləyirlər ki, Azərbaycana qarşı ideoloji təxribatlar törətsinlər. Prezident İlham Əliyevin də vurğuladığı kimi, biz bu cür ideoloji təxribatlarla ilk dəfə qarşılaşmırıq. Buna hazır olmalıyıq. Əvvəllər də Rusiya, İran, Ermənistan və digər qüvvələr tərəfindən bu kimi halların şahidi olmuşuq”, – deyə politoloq bildirib.
Onun sözlərinə görə, Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk illərlə müqayisədə bugünkü ölkə daha güclü mövqeyə malikdir və öz milli maraqlarını daha qətiyyətlə ifadə edir. Buna görə də ölkəyə qarşı yönələn kampaniyalara qarşı cəmiyyətin diqqətli olması vacibdir.
Politoloq Türkiyə ilə münasibətlər məsələsinə də toxunub. O, bildirib ki, bəzi türk dairələrində Azərbaycana qarşı səsləndirilən fikirlər ümumi Türkiyə mövqeyi kimi qiymətləndirilməməlidir.
Faiq Ələkbərlinin fikrincə, ayrı-ayrı diplomatların və ya siyasi dairələrin açıqlamaları Türkiyə xalqının Azərbaycana münasibətini bütövlükdə əks etdirmir. O, Azərbaycan və Türkiyə arasında mövcud olan tarixi, siyasi və mənəvi bağların qorunmasının vacibliyini vurğulayıb.
“Bütövlükdə Türkiyə xalqı Azərbaycanın yanındadır. Bu məsələlərə bir və ya iki diplomatın fikirləri əsasında qiymət vermək düzgün olmaz. Eyni zamanda, digər türk dövlətlərinin də Azərbaycanla münasibətləri mühüm əhəmiyyət daşıyır”, – deyə politoloq qeyd edib.
O, əlavə edib ki, Azərbaycan türk dünyasının ayrılmaz parçasıdır və ölkənin regional mövqeyinin güclənməsi bəzi qüvvələri narahat edir. Politoloqun qənaətinə görə, həm ölkə daxilində, həm də xaricdə Azərbaycana qarşı kampaniyaların arxasında dayanan qüvvələrin məqsədlərini düzgün müəyyənləşdirmək və bu cür cəhdlərə qarşı prinsipial mövqe nümayiş etdirmək lazımdır.
Faiq Ələkbərli hesab edir ki, ayrı-ayrı qrupların və şəxslərin fəaliyyəti Azərbaycanın dövlətçiliyinə xələl gətirə bilməz. O, ölkə daxilində yaşayan və xaricdəki milyonlarla azərbaycanlının milli maraqlar ətrafında birliyinin əhəmiyyətini vurğulayıb.
Politoloqun fikrincə, Azərbaycan öz milli maraqlarını qorumaqla yanaşı, türk dünyası ilə əlaqələrini də gücləndirməli, ideoloji təxribatlara qarşı ayıq-sayıq olmalıdır.
Aynurə İsmayıl
KONKRET.az
