Cəmiyyətdə tarix boyu yaranan və insanların şüurunda formalaşan ictimai dəyərlər dövlətin inkişafına və güclənməsinə böyük təsir göstərib. Dövlətin vahid ideologiyası vətəndaşın təbii maraqlarını nəzərə almadıqda cəmiyyətlə dövlət arasında boşluq yaranır. Hətta totalitar dövlətlər demokratik inkişaf yoluna qədəm qoyduqdan sonra bir müddət əxlaq, mənəviyyat kimi ənənəvi ictimai dəyərlər insanlar tərəfindən fərqli qəbul edilir.
Azərbaycanın müstəqilliyinin ilk illərinin təcrübəsi də buna sübutdur. Uzun illər hakim olmuş kommunizm ideologiyasının süqutundan sonra yeni qurulan dövlətin əsasları insanlar tərəfindən aydın qəbul edilmirdi. Məhz buna görə Azərbaycanın ümummilli lideri Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan cəmiyyətinin inkişafının ideya təməli olan azərbaycançılıq konsepsiyasını irəli sürmüşdür. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ümummilli ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi ulu öndər Heydər Əliyevin tarixi xidmətidir.
Ümummilli lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan parlamentindəki çıxışında demişdir: “Azərbaycan ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malik olmalıdır. Əgər biz bunu əməli surətdə həyata keçirə bilsək, Azərbaycan Respublikasında olan bütün xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik”. Bununla ulu öndər Azərbaycanda hakimiyyətin mövqeyini əks etdirən azərbaycançılıq ideyasının əsaslarını bəyan etmişdir. Heydər Əliyev hələ sovet dövründə Azərbaycan Respublikasına rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışırdı.
O dövrdə Azərbaycan ədəbiyyatında, musiqidə, kinoda, təsviri sənətdə və digər sahələrdə xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər meydana gəlmişdir. Həmin dövrdə Heydər Əliyev respublikamızdan kənarda yaşayan azərbaycanlıların təşkilatlanmasını, Azərbaycan diasporunun təşəkkül tapmasını da vacib sayırdı. 90-cı illərdə hakimiyyətə qayıtdıqdan sonra o, xaricdəki soydaşlarımızın mütəşəkkil qüvvəyə çevrilməsini, onların doğma vətənlə əlaqələrinin möhkəmlənməsini prioritet məsələ kimi hər zaman diqqətdə saxlamışdır. Çünki güclü azərbaycanlı diasporu müstəqil Azərbaycanın dayağıdır. Ulu öndər çıxışlarının birində bu barədə belə demişdir: “Hər yerdə azərbaycanlılar olanda Azərbaycanın dayağı da daha çox olur. Bir şərtlə ki, gərək millətini, torpağını, ana Vətəni unutmayasan”.
Cəmiyyəti birləşdirən, onun inkişafına zəmanət verən dəyərlər sistemi mövcud olmalıdır. Onların əsas qanun olan Konstitusiyada əks edilməsi ilə bərabər, insanların şüurunda, düşüncələrində, qəlbində olmaları vacibdir. Azərbaycan tarixən müxtəlif millətlərin dinc yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu ölkə olub. Burada hər bir xalqın və millətin nümayəndəsinə bərabər münasibət göstərilib. Ona görə Azərbaycan vətəndaşı sayılan hər kəs azərbaycançılıq ideyası ətrafında birləşib. Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası bu gün də mövcuddur. Bu ideya ictimai-siyasi proseslərə, Konstitusiya sisteminə, xüsusilə dövlət quruculuğuna öz müsbət təsirini göstərir. Azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarını birləşdirən ümumi dəyər və demokratik dövlət uğrunda mübarizənin əsas məqsədidir. Azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılması vətənimizin gücü, qüdrəti, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və demokratik inkişafının təmin edilməsi deməkdir. Azərbaycançılıq ideologiyasının əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır.
Azərbaycançılıq ideyasının təbliği milli kimliyin qorunması, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu ideyanın formalaşması və bu günə qədər gəlib çatmasında müxtəlif dövrlərdə fəaliyyət göstərən ziyalıların, şairlərin və ictimai-siyasi xadimlərin xüsusi rolu olub.
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Azərbaycançılıq ideyasının təbliği hər zaman böyük önəm daşıyıb.
Onun sözlərinə görə, Azərbaycan müstəqil dövlətdir və milli ideologiyanın mövcudluğu dövlətçilik ənənələrinin qorunması baxımından vacibdir. Azərbaycançılıq ideyası ötən əsrin ortalarından etibarən cəmiyyətdə daha da möhkəmlənməyə başlayıb. Lakin ölkə müstəqilliyini bərpa edənədək bu ideyanın geniş təbliği üçün lazımi imkanlar yaradılmayıb, bəzi hallarda onun daşıyıcıları təqiblərə məruz qalıb və müxtəlif çətinliklərlə üzləşiblər.
- Siyasi şərhçi qeyd edib ki, bütün maneələrə baxmayaraq, Azərbaycançılıq ideyası zaman keçdikcə inkişaf edərək bu günə qədər gəlib çatıb. Onun formalaşmasında və yaşadılmasında müxtəlif sahələrdə fəaliyyət göstərən insanların böyük xidmətləri var.
C.Abbaslı bu baxımdan xalq şairi Səməd Vurğunun adını xüsusi qeyd edib. O, bildirib ki, Səməd Vurğunun Azərbaycançılıq ideyasının formalaşmasında mühüm rolu olub. Şairin bu istiqamətdəki fəaliyyəti ideyanın cücərməsinə və sonrakı dövrlərdə inkişafına töhfə verib.
Siyasi şərhçinin fikrincə, hər bir müstəqil dövlətin öz ideyası və həmin ideyanı yaşadan daşıyıcıları olmalıdır. Azərbaycançılıq ideyası da ölkəmizin milli dəyərlərini, dövlətçilik ənənələrini və müstəqillik ruhunu özündə birləşdirir.
C.Abbaslı vurğulayıb ki, bu ideyanın qorunması və gələcək nəsillərə ötürülməsi hər bir azərbaycanlının üzərinə düşən mühüm vəzifələrdən biridir.
Aynurə İsmayıl,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə “azərbaycançılıq ideyasının təbliği” mövzusuna uyğun olaraq dərc edilir.

