Çexiyanın paytaxtı Praqada 2026-cı ilin yanvar ayından etibarən elektrik skuterlərinin istifadəsi qadağan ediləcək. Qərarın əsas səbəbi kimi şəhərdaxili hərəkətdə yaranan təhlükəsizlik riskləri və piyadalar üçün narahatlıq göstərilib.
Bəs, Azərbaycanda da belə bir qadağanın tətbiqi məqsədəuyğundurmu?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, Azərbaycanda belə bir qadağanın tətbiqi real görünmür:
“Skuterlərin bəziləri sürətli olur və bu da müəyyən risklər yaradır. Yəqin ki, Praqada da bu səbəbdən belə qərar qəbul edilib. Amma Azərbaycanda tam qadağanın tətbiqi inandırıcı deyil. Çünki bizdə bu nəqliyyat növünə yeni keçid mərhələsidir. Hazırda insanlar velosipedə nisbətən skuterə daha çox üstünlük verirlər. Onlar həm operativ, həm də rahat hərəkət vasitəsidir. Kiçik ölçülü olduğuna görə avtomobildə daşımaq da mümkündür.”
Ekspertin sözlərinə görə, skuter sürətinin yüksək olması və ölçülərinin kiçikliyi bəzi hallarda təhlükə yarada bilər, lakin bu problemin tam qadağa ilə deyil, tənzimlənmə və təhlükəsizlik qaydalarının gücləndirilməsi ilə həll edilməsi daha məqsədəuyğundur.
Aynurə İsmayıl
KONKRET.az