Azərbaycanda həkim çatışmazlığı dərinləşir: Gənc mütəxəssislər niyə regionlara getmir?backend

Azərbaycanda həkim çatışmazlığı dərinləşir: Gənc mütəxəssislər niyə regionlara getmir?

Azərbaycanda səhiyyə sistemində həkim çatışmazlığı, xüsusilə regionlarda tibbi kadr təminatı məsələsi yenidən gündəmə gəlib. Bəzi ixtisaslar üzrə mütəxəssis çatışmazlığının daha qabarıq hiss olunduğu, gənc həkimlərin isə rezidenturanı başa vurduqdan sonra xaricdə çalışmağa üstünlük verdiyi bildirilir.

Bəs hansı ixtisaslarda həkim çatışmazlığı daha qabarıqdır, regionlarda çalışan həkimlərin sayı niyə azdır və dövlət hesabına hazırlanan mütəxəssislərin bölgələrdə qalmasını təmin etmək üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan həkim-terapevt Günay Lətifova bildirib ki, Azərbaycanda demək olar ki, bütün ixtisaslar üzrə həkim çatışmazlığı müşahidə olunur.

Bunu etmək insanın ömrünü uzadırmış | KONKRET

Onun sözlərinə görə, problemin əsas səbəblərindən biri cəmiyyətdə həkim peşəsinə münasibətin dəyişməsi və xüsusilə mürəkkəb tibbi hallarda həkimlərin ciddi təzyiqlərlə üzləşməsidir.

“Bu gün cəmiyyətimizdə həkimliyə, xüsusilə həkimliyin ən məsuliyyətli sahələrindən biri olan cərrahlığa münasibət ciddi problemdir. Dünyanın hər yerində cərrahların əlindən gələni etdiyi, lakin tibbi səbəblərdən müalicənin istənilən nəticəni vermədiyi hallar normal qarşılanır. Amma təəssüf ki, bizdə belə deyil. Dərhal həkimin şəkli paylaşılır, onun fotosunun altında mənfi rəylər yazılır”, – deyə həkim bildirib.

G.Lətifova qeyd edib ki, cəmiyyətin bu cür münasibəti tibb işçilərinin peşəyə yanaşmasına da mənfi təsir göstərir.

“Həkim öz peşəsinə qarşı mənfi münasibət formalaşdırmağa başlayır. Bu gün gənclərimiz artıq rezidentura və ixtisas seçimində müəyyən sahələrə üstünlük vermirlər. Çünki həmin ixtisasın məsuliyyətindən, cəmiyyətin münasibətindən və gələcəkdə üzləşə biləcəkləri təzyiqlərdən çəkinirlər.

Dövlət hesabına hazırlanan mütəxəssislərin regionlarda işləməsi, ümumilikdə bölgələrdə tibb işçilərinin fəaliyyət göstərməsi stimullaşdırılmalıdır. Bu, mütləq şəkildə həyata keçirilməlidir”, – deyə həkim vurğulayıb.

Ekspertin fikrincə, regionlarda çalışan həkimlər üçün əlavə sosial və maliyyə imkanlarının yaradılması, yaşayış və iş şəraitinin yaxşılaşdırılması, eləcə də peşəkar inkişaf imkanlarının genişləndirilməsi onların bölgələrdə qalmasına ciddi təsir göstərə bilər.

“Digər tərəfdən, rezidentura məzunlarının xaricə getməsinin qarşısının alınması üçün yalnız inzibati tədbirlərə deyil, həkimlərin Azərbaycanda işləməsini daha cəlbedici edən şəraitin yaradılmasına üstünlük verilməlidir. Xüsusilə gənc mütəxəssislərin əməkhaqqı, iş yükü, karyera imkanları və peşə təhlükəsizliyi ilə bağlı problemlərinin həlli bu baxımdan mühüm əhəmiyyət daşıyır”, – deyə G.Lətifova əlavə edib.

Beləliklə, Azərbaycanda həkim çatışmazlığının aradan qaldırılması üçün yalnız yeni mütəxəssislərin hazırlanması kifayət etmir. Əsas məsələlərdən biri də yetişdirilən kadrların ölkədə saxlanılması, onların regionlara yönləndirilməsi və bölgələrdə işləməsi üçün uzunmüddətli və real stimulların yaradılmasıdır.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*