“Naxtel” MMC telekommunikasiya xidmətlərinin göstərilməsini dayandıracaq.
KONKRET.az “report”a istinadla xəbər verir ki, “Naxtel” MMC 1 dekabr 2025-ci ildən etibarən telekommunikasiya xidmətlərinin göstərilməsini dayandıracaq. Şirkət bununla bağlı sosial şəbəkə hesablarında rəsmi açıqlama yayıb.
Açıqlamada qeyd olunur ki, abunəçilər hazırda istifadələrində olan nömrələri öz adlarında saxlamaq və mobil rabitə xidmətlərindən yararlanmağa davam etmək üçün 1 oktyabr – 1 dekabr 2025-ci il tarixləri arasında ölkədə fəaliyyət göstərən digər mobil operatorlara – “Azercell”, “Bakcell” və “Nar”a müraciət etməlidirlər.
1 dekabr 2025-ci ilədək nömrəsini digər şəbəkəyə keçirməyən abunəçilərin nömrələri ləğv ediləcək və mövcud müqavilələrə xitam veriləcək. Bununla yanaşı, həmin nömrələrdəki aktiv xidmətlər dayandırılacaq, balansda qalan istifadə olunmamış vəsaitlər isə silinəcək.
“Naxtel” MMC bildirib ki, qeyd olunan tarixədək silinmiş məbləğlərin geri qaytarılmasına və ya kompensasiyasına görə şirkət məsuliyyət daşımır.
Nömrələrin daşınması Naxçıvan Muxtar Respublikası ərazisində, eləcə də Bakı və Gəncə şəhərlərində xüsusi təyin olunmuş xidmət mərkəzlərində həyata keçiriləcək.