“Azərbaycanda hələ də qadın nazirlərin, icra başçılarının olmaması narahatlıq doğurur. Bələdiyyələrdə qadın təmsilçiliyi 30 faiz civarındadır, lakin bu qadınların çox az qismi rəhbər vəzifələrdə təmsil olunur. Halbuki, ölkədə gender bərabərliyini təmin edən qanunlar mövcuddur və bizdə yüksək savadlı, peşəkar xanımlar kifayət qədərdir”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında Hüquq müdafiəçisi Novella Cəfəroğlu səsləndirib.
“Milli Məclisdə də qadın deputatların sayı kifayət qədər deyil. Buna baxmayaraq ictimaiyyətlə çalışan, insanların dərdlərinə şərik olan, beynəlxalq tədbirlərdə Azərbaycan qadınını layiqincə təmsil edən nümunəvi xanımlarımız var. Bu məsələni biz illərdir gündəmə gətiririk”
Hüquq müdafiəçisi rəhbər vəzifələrdə fəaliyyət göstərən qadınlardan Milli Məclisin sədri, Ombudsman, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adını qeyd edib. O, Mehriban Əliyevanın Heydər Əliyev Fondu çərçivəsində apardığı mühüm və fəal işlərin xüsusi qeyd olunmasının vacibliyini vurğulayıb.
“Azərbaycanda onlarla savadlı, bacarıqlı və işgüzar qadınlarımız var ki, onlar nazir və ya icra başçısı vəzifələrini uğurla icra edə bilərlər. Cəmiyyətin yarısının qərarverici səviyyədə təmsil olunmaması təkcə gender bərabərliyi baxımından deyil, həm də idarəetmə keyfiyyəti nöqteyi-nəzərindən ciddi çatışmazlıq yaradır”.
Aynurə İsmayıl
KONKRET.az