Azərbaycanda pensiya sistemində mümkün dəyişikliklərlə bağlı müzakirələr yenidən gündəmə gəlib. Xüsusilə, pensiya artımlarının yalnız maddi ehtiyacı olan qadınlara şamil edilməsi ilə bağlı səslənən fikirlər cəmiyyətdə müxtəlif suallar doğurur. Belə bir yanaşma sosial ədalət prinsipinə uyğundurmu, yoxsa bərabərlik hüququnun pozulmasına səbəb ola bilər? Görəsən, qanunvericilik pensiya artımının yalnız maddi ehtiyacı olan qadınlara tətbiqinə imkan verirmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, pensiya artımının yalnız maddi ehtiyacı olan qadınlara şamil edilməsi hüquqi baxımdan əsaslandırılmış meyarlara söykəndiyi halda mümkündür.

Onun sözlərinə görə, dövlət sosial müdafiə tədbirlərini ehtiyac meyarı əsasında müəyyən etmək səlahiyyətinə malikdir və bu zaman yardımın yalnız maddi vəziyyəti zəif olan şəxslərə yönəldilməsi sosial ədalət prinsipinə uyğun hesab oluna bilər.
“Belə bir yanaşmanın tətbiqi üçün qanunvericilikdə bunun aydın şəkildə nəzərdə tutulması, maddi ehtiyacın müəyyən edilməsində obyektiv və şəffaf meyarların müəyyənləşdirilməsi vacibdir. Eyni zamanda, bu tənzimləmə əsassız ayrı-seçkiliyə yol açmamalıdır. Yalnız bu şərtlər təmin edildiyi halda pensiya artımının maddi ehtiyacı olan qadınlarla məhdudlaşdırılması hüquqi baxımdan mümkün sayıla bilər”, – deyə ekspert vurğulayıb.
Akif Nəsirli əlavə edib ki, sosial dəstək mexanizmlərinin ünvanlı şəkildə tətbiqi dövlət vəsaitinin daha səmərəli istifadəsinə xidmət etsə də, bunun hüquqi prinsiplərə və bərabərlik tələblərinə uyğun həyata keçirilməsi əsas şərtdir.
Aynurə İsmayıl
KONKRET.az
