Azərbaycanda azad sahibkarlığın və liberal iqtisadiyyatın inkişafı prioritet istiqamət kimi müəyyənləşdirilib. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bazar münasibətlərinə əsaslanan liberal iqtisadi sistemin formalaşması, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına şərait yaradılması, zəngin təbii sərvətlərdən səmərəli istifadə, investisiya cəlbediciliyinin yüksəldilməsi və digər tədbirlərin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı yeni keyfiyyət parametrləri ilə özünü təsdiqləyib. Bu parametrlər keçid dövrünü uğurla başa vurmuş ölkəmizdə mülkiyyətin çoxnövlülüyünün təmin olunması, bazar iqtisadiyyatı üçün qanunvericilik bazasının yaradılması, aqrar islahatların həyata keçirilməsi, sahibkarlar institutunun formalaşması, özəlləşdirmə istiqamətində hüquqi bazanın yaradılması, müəssisələrin təsərrüfat fəaliyyətində dövlətin rolunun məhdudlaşdırılması, daxili və xarici iqtisadi fəaliyyətin liberallaşdırılmasında, qiymətlərin bazar tərəfindən müəyyənləşdirilməsi, ümumilikdə, dövlətin iqtisadiyyata müdaxiləsinin minimuma endirilməsi və bu kimi digər məsələlərdə özünü göstərir.
KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, azad sahibkarlığın və liberal iqtisadiyyatın inkişafı üçün ilk növbədə rəqabət mühiti gücləndirilməli, bazara giriş imkanları bütün sahibkarlar üçün bərabər olmalıdır.

“Kiçik və orta sahibkarlar iri şirkətlərlə eyni hüquqi və iqtisadi şəraitdə fəaliyyət göstərə bilməlidirlər. Əgər bazarda ayrı-ayrı şirkətlərə və ya qruplara üstünlük verilirsə, bu, rəqabəti zəiflədir, investisiya mühitinə mənfi təsir göstərir və yeni bizneslərin yaranmasını ləngidir.
Sahibkarların üzləşdiyi əsas problemlərdən biri maliyyə resurslarına çıxışın məhdud olmasıdır. Bank kreditlərinin faiz dərəcələri yüksək, girov tələbləri isə ağır olduğu üçün, xüsusilə kiçik biznes öz fəaliyyətini genişləndirə bilmir. Buna görə də sahibkarlar üçün daha əlverişli maliyyələşmə mexanizmləri yaradılmalı, güzəştli kredit proqramları genişləndirilməli və alternativ maliyyə alətlərinin inkişafına şərait yaradılmalıdır”.
A.Nəsirli qeyd vurğulayır ki, digər vacib məsələ inzibati maneələrin minimuma endirilməsidir.
“Biznesin qeydiyyatı, lisenziyaların alınması, icazələrin verilməsi, gömrük və vergi prosedurları mümkün qədər sadə, şəffaf və sürətli olmalıdır. Rəqəmsal xidmətlərin genişləndirilməsi sahibkarın dövlət qurumları ilə birbaşa təmasını azaldır və əlavə vaxt itkisini aradan qaldırır.
Azad sahibkarlığın inkişafı üçün hüquqi təminatlar da mühüm rol oynayır. Sahibkar əmin olmalıdır ki, onun mülkiyyət hüququ etibarlı şəkildə qorunacaq, mübahisələr məhkəmələrdə operativ və obyektiv həll ediləcək, qanunvericilik tez-tez dəyişməyəcək və biznes fəaliyyəti üçün sabit hüquqi mühit mövcud olacaq. Hüquqi sabitlik həm yerli, həm də xarici investorlar üçün əsas amillərdən biridir.
Vergi siyasəti də biznesin inkişafına xidmət etməlidir. Vergilərin aşağı olması qədər onların sadə, aydın və proqnozlaşdırılmasın da vacibdir. Sahibkar gələcək fəaliyyətini planlaşdırarkən hansı vergi öhdəlikləri ilə üzləşəcəyini əvvəlcədən bilməlidir. Eyni zamanda, vergi nəzarəti sahibkarlığın inkişafına maneə deyil, qanuni fəaliyyətin stimullaşdırılmasına xidmət etməlidir”.
İqtisadçı qeyd edir ki, inhisarçılığın və qeyri-sağlam rəqabətin qarşısının alınması da liberal iqtisadiyyatın əsas şərtlərindəndir.
“Bazarda üstün mövqedən sui-istifadə halları məhdudlaşdırılmalı, bütün sahibkarlar üçün bərabər imkanlar təmin edilməlidir. Əks halda, bazarda qiymətlərin formalaşması, məhsulun keyfiyyəti və istehlakçı maraqları mənfi təsirə məruz qalır.
Dövlət-biznes münasibətləri qarşılıqlı etimad, tərəfdaşlıq və qanunun aliliyi prinsipləri əsasında qurulmalıdır. Dövlət biznesi yalnız nəzarət obyekti kimi deyil, iqtisadi inkişafın əsas tərəfdaşlarından biri kimi qəbul etməlidir. Biznes nümayəndələrinin təklifləri qanunvericiliyin hazırlanması zamanı nəzərə alınmalı, sahibkar birlikləri ilə müntəzəm dialoq aparılmalıdır.
Eyni zamanda, sahibkarların da sosial məsuliyyəti olmalıdır. Onlar vergidən yayınmamalı, əmək qanunvericiliyinə əməl etməli, məhsul və xidmətlərin keyfiyyətini təmin etməli, istehlakçı hüquqlarına hörmətlə yanaşmalıdırlar. Liberal iqtisadiyyat nəzarətsizlik deyil, şəffaf qaydalar çərçivəsində sərbəst rəqabət deməkdir”.
O, əlavə edib ki, Azərbaycan iqtisadiyyatının neft gəlirlərindən asılılığının azaldılması baxımından da azad sahibkarlığın inkişafı xüsusi əhəmiyyət daşıyır.
“ Güclü özəl sektor qeyri-neft sənayesinin, kənd təsərrüfatının, turizmin, informasiya texnologiyalarının və ixracyönümlü istehsalın inkişafına təkan verə bilər. Bu isə yeni iş yerlərinin açılmasına, büdcə gəlirlərinin artmasına və iqtisadiyyatın daha dayanıqlı olmasına şərait yaradar.
Nəticə etibarilə, azad sahibkarlığın inkişafı üçün əsas şərtlər sağlam rəqabət mühitinin yaradılması, inzibati maneələrin azaldılması, mülkiyyət hüququnun etibarlı qorunması, əlverişli maliyyə imkanlarının formalaşdırılması, sabit vergi və hüquqi sistemin təmin edilməsi, dövlətlə biznes arasında açıq dialoqun qurulması və qanunun hamı üçün eyni şəkildə tətbiq edilməsidir. Bu prinsiplər təmin olunduğu halda həm sahibkarlıq inkişaf edər, həm investisiyalar artar, həm də ölkənin ümumi iqtisadi inkişafı daha sürətli və davamlı xarakter alar”.
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusuna uyğun olaraq dərc edilir.

