Azərbaycanda torpaq terrorçuları peyda oldu – törətdikləri əməl dəhşətlidirbackend

Azərbaycanda torpaq terrorçuları peyda oldu – törətdikləri əməl dəhşətlidir

Son günlər müxtəlif bölgələrdə əraziləri qəsdən yandırmaqda şübhəli bilinən şəxslərin polis tərəfindən saxlanılması ilə bağlı xəbərlər yayılır. Hətta bəzi hallarda şəxslərin ərazini yandırdıqdan sonra hadisə yerindən uzaqlaşması görüntüləri də ictimaiyyətə təqdim olunur. Məsələn, son olaraq Ağsu, Cəlilabad, Sabirabad və Saatlıda yanğın törətdiyi müəyyən edilən bir neçə nəfər saxlanılıb.

Bəs insanlar əraziləri qəsdən yandırmağa niyə əl atırlar? Bu cür halların arxasında hansı səbəblər dayanır və son dövrlər belə hadisələrin artmasının əsas səbəbi nədir?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun fikrincə, problem ondan ibarətdir ki, kəndli, fermer əldə etdiyi texnika ilə bitki qalıqları səbəbindən şumu normal apara bilmir:

“Torpağın altını üstünə çevirmək lazımdır, amma bitki qalıqları buna mane olur. Bunun qarşısını biçin zamanı almaq, sahədə daha çox bitki qalığının qalmasına imkan verməmək lazımdır. Yəni biçini mümkün qədər aşağıdan aparmaq lazımdır. Lakin görünür, həmin ərazilərdə daşlar və digər problemlər olduğuna görə biçin yuxarıdan aparılır. Nəticədə bitkinin əsas hissəsi torpaqda qalır, sonra kötük və qalıqlar yığılır və bu da normal əkin aparılmasına mane olur. Problem budur”.

Ekspertin sözlərinə görə, ikinci problem ondan ibarət ola bilər ki, bəzi insanlar bu sahələri qəsdən yandırırlar və bunun nə kimi fəsadlara səbəb olduğunu başa düşmürlər:

“Bununla bağlı qanunun qəbul edilməsi yaxşı haldır və qanuna uyğun olaraq cərimələr də tətbiq edilir. Ümumiyyətlə, bu məsələyə daha ciddi yanaşmaq lazımdır. Kənd təsərrüfatına elə bir ziyan vurulur ki, həmin ziyanın miqyasını ifadə etmək belə çətindir. Çox ciddi ziyan yaranır.

Torpaqda olan mineral elementlər, üzvi və qeyri-üzvi maddələr yanır. Digər tərəfdən, faydalı mikroorqanizmlər məhv olur və torpaq münbitliyini itirir. Bu, olduqca ciddi məsələdir”.

V.Məhərrəmov deyib ki, qanunvericiliyi bir qədər də sərtləşdirmək, daha təsirli mexanizmlər yaratmaq lazımdır:

“Qanun sərtləşdirilsin, insanlar başa düşsünlər ki, heç bir halda bu ərazilər yandırılmamalıdır. Söhbət yalnız taxıl sahələrindən getmir, ümumiyyətlə, heç bir ərazidə bitki qalıqlarının yandırılmasına yol verilməməlidir. Bitki qalıqları bir yerə yığılmalı və çürüdülməlidir. Əgər əkinə mane olursa, onları sahədən toplamaq lazımdır. Bunlar üzvi maddələrdir və çürüdükdən sonra onlardan səmərəli istifadə etmək, yenidən sahəyə qaytarmaq mümkündür. Bu da torpağın münbitləşdirilməsində çox mühüm rol oynayır”.

Ekspert bildirib ki, fermerləri maarifləndirmək, yerli bələdiyyə orqanlarına ciddi tapşırıqlar vermək lazımdır:

“Başa düşmək lazımdır ki, bu torpaq yalnız fermerin, kəndlinin torpağı deyil, bu torpaq xalqındır. Torpaq istehsal vasitəsidir. Əgər torpaqlarımız münbitliyini itirəcəksə, biz nə indi, nə də gələcəkdə özümüzü kənd təsərrüfatı məhsulları ilə tam təmin edə bilməyəcəyik. Yenə deyirəm, bu, çox ciddi məsələdir. Əslində biz torpağa daha çox üzvi maddələr və mineral elementlər verməliyik ki, torpağın münbitliyini bərpa edək. Əgər biz orada yanğın törədiriksə, deməli, torpağı məhv edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*