Azərbaycanda uşaqlar üçün erkən pensiya hesabı yaradıla bilərmi?backend

Azərbaycanda uşaqlar üçün erkən pensiya hesabı yaradıla bilərmi?

Almaniya Bundestaqı uşaqlar üçün “Erkən pensiya” proqramını təsdiqləyib. Yeni sistemə əsasən, dövlət uşaqların gələcəkdə yüksək pensiya ala bilməsi üçün yığımlarına hər ay 10 avro köçürəcək. Vəsait investisiya edilərək illər ərzində artırılacaq.

Bəs oxşar praktika Azərbaycanda da tətbiq edilə bilərmi?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib ki, bütövlükdə uşaq hesablarının yaradılması praktikası artıq bir neçə ölkələrdə tətbiq olunur.

V.Bayramovun sözlərinə görə, Almaniyadan öncə Kanada, İsrail, Böyük Britaniyada eyni zamanda qardaş Qazaxıstanda uşaq hesabları yaradılıb: “Bu ideya ilk olaraq ABŞ-nin Sent-Luis şəhərində yerləşən Vaşinqton universiteti tərəfindən təqdim olunub. Qazaxıstanda təxminən 7 milyon uşaq hesabı yaradılıb. Həmin hesablara da dövlət tərəfindən vəsaitin yerləşdirilməsi həyata keçirilir. Ümumiyyətlə əksər ölkələrdə mexanizm bundan ibarətdir ki, həmin hesablara həm dövlət, həm valideyn ödəniş edir. Aztəminatlı ailələrdə ödəniş yalnız dövlət tərəfindən həyata keçirilir. Məqsəd həmin hesabların gələcəkdə uşaqların təhsili üçün istifadə olunması, eyni zamanda digər o cümlədən səhiyyə və ev şəraitinin yaxşılaşdırılması kimi məqsədlərə yönəldilməsindən ibarətdir. Amma uşaq hesabının ümumiyyətlə konsepti ondan ibarətdir ki, uşaqlar 18 yaşdan sonra həmin hesabdan istifadə edə bilir. Bəzi ölkələrdə bunlar pensiya kapitalı kimi toplanır. Amma əksər ölkələrdə həmin uşaqlara 18 yaş tamam olduqdan sonra qanunla müəyyənləşdirilmiş istiqamətlərdə istifadə imkanları verilir”.

Deputat qeyd edib ki, oxşar praktikanın öyrənilməsi profil dövlət qurumuna təklif olaraq təqdim edilib: “Hətta bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də ötən il görüşümüz, müzakirələrimiz olub, təkliflərimiz təqdim olunub. Düşünürəm ki, bu istiqamətdə qiymətləndirilmələrin artması və davam etdirilməsi məqsədəuyğun olardı. Xüsusilə Qazaxıstan praktikasının öyrənilməsi və Azərbaycana tətbiqi imkanına baxılmasını məqsədəuyğun hesab edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*