Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği etibarlı əllərdədirbackend

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği etibarlı əllərdədir

Müstəqil ölkəmizin milli maraqları baxımından Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği böyük əhəmiyyət kəsb edir.

Regionumuzda yerləşən məlum qüvvələrin vətənimizə qarşı fasiləsiz və ardıcıllıqla həyata keçirdikləri məkrli planlar fonunda bu məsələnin önəmi daha da artır. Çox uzağa getməyək, XX əsr boyu xalqımızın başına gətirilən bütün faciələr bu təbliğatın fasiləsiz, ardıcıl və sistemli şəkildə aparılmasını tələb edir.

Zatən “keçmişini unudanın gələcəyi olmur” deyimi əbəs yerə ortaya çıxmayıb. Tarix dəfələrlə sübut edib ki, milli kimliyinə, vətəninin tarixinə, mədəniyyətinə, adət-ənənələrinə sahib çıxan millət hər zaman güclü dövlətə və dayaqlara malik olur. Əlbəttə, söhbət “dənizdən-dənizə” dövlət qurmaq istəyən, yaxud millətinin qanının digər millətlərdən üstün olduğunu bəyan edən xəstə təfəkkürlü topluluqların anladığı millət anlamından getmir. Əzəmətli millət öz dövlətçilik tarixini, adət-ənənələrini, elm və mədəniyyətini təbliğ edərkən başqa millətləri kiçiltməyə çalışmaz, əksinə dövlət, elmi, mədəni müxtəlifliyə töhfələr verməyə çalışar.

Xoşbəxtlikdən Azərbaycan xalqı və türk dünyasına mənsub olan digər qardaş xalqlar belə mütəvazi davranışa malikdir. Qədim dövlətçilik ənənələrinə, zəngin tarixi-elmi-mədəni irsə malik Azərbaycan təkcə milli dəyərlərimizi dünyaya nümayiş etdirmir, həm də onları böyük səxavətlə digər xalqlarla paylaşır.

Xalqımız siyasi, elmi, ədəbi, mədəni, hərb sahələrində çox nəhəng, parlaq şəxsiyyətlər yetişdirib. Onların təkcə adının çəkilməsi dövlətçilik tariximizin, mədəniyyətimizin, adət-ənənələrimizin təbliğatı deməkdir. Azərbaycanın dünya siyasətinə, elminə, mədəniyyətinə necə misilsiz xidmətlər göstərdiyinin, əsl incilər bəxş etdiyinin sübutudur.

XX yüzilliyin sonunda yenidən müstəqilliyinə qovuşan Azərbaycan müasir sivilizasiyanın inkişafa başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir. Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma mağaralarında, habelə başqa abidələrdə aşkar olunan arxeoloji tapıntılar, o cümlədən 300-400 min il bundan əvvəl yaşamış qədim insanın – Azıx adamının (Azıxantrop) çənə sümüyü bu diyarın dünyanın ən qədim insan məskənlərindən biri olduğunu sübut edir

Azərbaycanda dövlətçilik ənənələrinin təqribən 5 min illik tarixinin olması, ilk dövlət qurumları və ya etnik-siyasi birliklərin hələ eramızdan əvvəl IV minilliyin sonu – III minilliyin əvvəllərindən başlayaraq yaranması, eramızdan əvvəl I minilliyin və bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, Midiya, Atropatena və Albaniya kimi qüvvətli dövlətlərin mövcudluğu, Əhəməni-İran və digər imperiyaların işğal rejiminin, Makedoniyalı İsgəndərin yürüşlərinin Azərbaycanın qədim dövlət idarəçiliyi mədəniyyətini məhv edə bilmədiyi, mərkəzləşdirilmiş Azərbaycan dövləti olan Səfəvi dövlətinin meydana gəlməsi və sair bu kimi faktlar müasir azərbaycanlını fərəhləndirir.

Lakin dövlətçilik tariximizdə Azərbaycan Xalq Cümhuriyyətinin və müstəqil Azərbaycan dövlətinin yeri tamamilə başqadır. Cümhuriyyət qurucuları dövlətimizin adını dünyanın demokratik ölkələri sırasına həkk etdilərsə, görkəmli dövlət xadimi Heydər Əliyev onun müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi naminə misilsiz xidmətlər göstərdi.

Prezident İlham Əliyev isə vətənimizin bütövləşməsi naminə göstərdiyi fədakar xidmətlə dövlətimizin adını qaliblər sırasına qızıl hərflərlə yazdı. Bundan başqa, İlham Əliyevin dövlətçilik tariximizə, elmə, mədəniyyətimizə, milli adət-ənənələrimizə həssaslıqla yanaşması düşmənlərimizin tarixi saxtalaşdırmasının, elmi, mədəni irsimizin oğurlanmasının qarşısının alınmasında müstəsna rol oynayır.

Bu, artıq faktdır: çox böyük bacarıqla aparılan dövlət siyasəti nəticəsində dünya Azərbaycanı multikultural, tolerant ölkə kimi tanıyır. Xalqımızın hər cür iyrənc irqçilikdən, ifrat millətçilikdən uzaq olduğu aksiomaya çevrilib.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həyata keçirdiyi irimiqyaslı layihələr sayəsində dünyanın aparıcı ölkələrində, nüfuzlu beynəlxalq təşkilatlarında xalqımızın malik olduğu elmi nailiyyətlər, mədəni irs, milli adət-ənənələr geniş şəkildə və yüksək səviyyədə təbliğ olunur. İndi klassik və müasir Azərbaycan musiqisi sərhəd tanımır, ədiblərimizin, rəssamlarımızın əsərləri müfuzlu mədəniyyət ocaqlarında nümayiş etdirilir, milli adət-ənənələrimiz dünyanın bir çox ölkələrində keçirilən müxtəlif festivallar vasitəsilə əcnəbilərə tanıtdırılır. Malik olduğumuz milli-mənəvi zənginliyin dünya ictimaiyyətində heyranlıq doğurması isə ayrıca qürur mənbəyidir.

Bir sözlə, istedadlı xalqımızın malik olduğu misilsiz dəyərlərin təbliği etibarlı əllərdədir.

Xatirə SADİQ,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusuna uyğun olaraq dərc edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*